Konstitusiya Məhkəməsində Tacikistanın Azərbaycandakı səfiri ilə görüş olub
SİYASƏT

Konstitusiya Məhkəməsində Tacikistanın Azərbaycandakı səfiri ilə görüş olub

Noyabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və Konstitusiya Məhkəməsinin bütün kollektivini təbrik edib.

Sədr Fərhad Abdullayev təbrikə görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq Qələbəsinin haqq-ədalətin zəfəri olduğunu vurğulayıb. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə və işğalına bu tarixi Qələbə nəticəsində son qoyulub, beynəlxalq hüququn tələblərinin təmin edilməsinə nail olunub.

Azərbaycan xalqına qarşı törədilən cinayətlər haqqında ətraflı məlumat verən sədr Fərhad Abdullayev bildirib ki, 30 il ərzində beynəlxalq humanitar hüququ kobudcasına pozaraq, insanlığa qarşı törədilmiş bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Daha sonra Fərhad Abdullayev müəllifi ulu öndər Heydər Əliyev olan Konstitusiyada təsbit edilmiş Konstitusiya Məhkəməsinin statusu və səlahiyyətləri haqqında məlumat verib. Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində səfirə uğurlar arzulayan Fərhad Abdullayev diplomatın iki ölkənin Konstitusiya məhkəmələri arasında əlaqələrin daha da inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini bildirib. Azərbaycan və Tacikistan Konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, eləcə də Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, həm də Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyası çərçivəsində məhkəmə-hüquq əməkdaşlığının yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb.

Səfir səmimi görüşə görə Fərhad Abdullayevə minnətdarlığını bildirib. Diplomat qeyd edib ki, Azərbaycan ilə Tacikistan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Həmin əlaqələrin inkişafı, həmçinin məhkəmə-hüquq sahəsində də müşahidə edilir.

Görüşün sonunda diplomat Konstitusiya Məhkəməsinin kollektivini qarşıdan gələn Konstitusiya Günü münasibətilə təbrik edib.

AZƏRTAC