KÖNLÜM KEÇİR İRƏVANDAN
Digər xəbərlər

KÖNLÜM KEÇİR İRƏVANDAN

Bu dünyaya ağlayıb-sızlamaq üçün yox, yaşamaq-yaratmaq, deyib-gülmək üçün gəldik. Amma uca Rəbbimizin bizə əta etdiyi bir ömür yolunda necə böyük müsibətlər, çətin imtahanlar gözləyirmiş bizi...

İnsan üçün dünyaya göz açdığı ev-eşikdən, boya-başa çatdığı həyət-bacadan dəyərli nə ola bilər?! Xoş o kəslərin halına ki, doğma yurd yerinin görüşünə gedə, nə vaxtsa halal zəhməti ilə ucaltdığı evinin divarlarına sığal çəkə, öz əlləri ilə saldığı bağın-bağçanın, əkib-becərdiyi gülün-çiçəyin tamaşasına dura bilir.

Doğma kəndindən-kəsəyindən uzaq düşən, didərginlik, köçkünlük taleyi yaşayanların vay halına!..

Eləmi, binə qaldı,

El getdi, binə qaldı.

Mən köçdüm, heç bilmədim

Yurd-yuvam kimə qaldı?!

Rəhmətlik atamın nə vaxtsa bayatı çağırdığını görməmişdim. Amma keçdiyi ömür yolu təpədən-dırnağa bayatı ruhunda idi desəm, səmimiyyətimə inanın. Doğma yurd yerimizdən, İrəvan çuxurundan - Zəngibasar mahalından qaçaq düşdüyümüz 1988-ci ildən ta dünyasını dəyişdiyi 2006-cı ilədək bir gözü güldüsə, o birisi ağladı. Səhərdən-axşamacan İkinci Dünya müharibəsi cəbhələrindən "keçirib gətirdiyi" güllələnmiş ayaqlarına dinclik vermədən gəzib-dolaşar, durub-oturduğu hər kəsə Qərbi Azərbaycan ellərindən, olub- keçənlərdən danışdıqca danışardı...

Ərazisi 170 kvadratkilometr olan Zəngibasar mahalı İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin keçdiyi yerdə qərar tutmuşdu. 31 kəndin yalnız beşində sırf ermənilər yaşayırdı. 1930-cu ilin repressiyaları nəticəsində Arazyanı kəndlərin (Reyhanlı, Sarıcalar, Qulucan, Həbilkənd, Sarvanlar) azərbaycanlı əhalisi baş götürüb həmişəlik Türkiyəyə getmişdi. 1948-1951-ci illərdə bir çox kəndlərin yerli sakinləri - azərbaycanlılar ermənilərlə "əvəz edilmişdi".

Bizim Qaraqışlaq (sonralar Dostluq, hazırda isə Hayanist) rayonun ən iri kəndlərindən sayılırdı. 1988-ci il hadisələrinəcən burada bircə erməni ailəsi vardı. 1942-ci ildə ağır yaralandığı üçün müharibədən qayıtmış atam kənd sovetinin sədri işləmiş, sonra isə rayon mədəniyyət evinin direktoru (o, Bakı Teatr Texnikumunun məzunu idi), kolxoz sədri, sovxoz direktorunun müavini vəzifələrində çalışmışdı. Yaxşı xatirimdədir: evimiz qonaq-qarasız olmazdı. Ən çox Bakıdan, Naxçıvandan gələnlərə sevinərdik. Bəzən qardaşlı-bacılı uşaq ağlımızla sözü bir yerə qoyub Azərbaycana köçməyimizi tələb edərdik. Belə məqamlarda biçarə anamız susub dursa da, atamız sanki cin atına minərdi: "Bəs bu İrəvan çuxuru haradır, sizcə? Azərbaycan deyil, hə?!".

Bəli, çörəyini yeyib suyunu içdiyimiz o İrəvan çuxuru əzəli-əbədi məskənimiz, bütün arzularımızın yelkəni idi. Beş addımlıqda uzanıb gedən İrəvan - Bakı avtomobil yolu, dəmir-yol xətti, yaxınlıqdakı Zvartnos aeroportundan havaya qalxaraq başımız üzərində uçuşan təyyarələr elə şirin, xoş anlar, romantik günlər vəd edirdi ki!..

Bütün ağrıların ən ağırıdır yurd ağrısı! Diş ağrısı, baş ağrısı, can ağrısı nədir ki, yurd ağrısının yanında?!.

Bir məşhur xalq mahnımız var: "İrəvanda xal qalmadı". İlk misrasını eşitcək ürəyindən qara qanlar axır, özün özünə sual edirsən: "İrəvanda kim qaldı ki?!".

Yurd ağrısını daşımaq, doğma yurd yerlərinə qayıtmaq üçün əsl yurddaşların birgə mübarizəsi, bu insanları bir çətir altına toparlayan qurum gərəkdi. Güclü dövlət dəstəyi, hökumət qayğısı da öz yerində! Şükürlər olsun ki, möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi təşəbbüsü və xeyir-duası ilə belə bir təşkilat - Qərbi Azərbaycan İcması artıq yaradılıb və fəaliyyətdədir. Tanınmış tədqiqatçı-alim, millət vəkili Əziz Ələkbərlinin rəhbərlik etdiyi İcma qısa vaxt ərzində diqqətəlayiq, məqsədyönlü tədbirlər, görüşlərlə gündəmdə olub. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə bu günlərdə keçirilmiş çox maraqlı və duyğulu görüş barədə isə ayrıca söz açmağa dəyərdi. Qısaca olaraq qeyd edək ki, görüş hər bir icma üzvünün öz təşkilatına, fəaliyyətinin səmərəliliyinə inamını birə-beş artırmış oldu. Artıq heç kəsdə şübhə yoxdur ki, Qərbi azərbaycanlıları eyni məqsəd, eyni əqidə ətrafında birləşdirən İcmanın Qayıdış Konsepsiyası sadəcə kağız üzərində qalmayacaq, əməli bəhrəsini verəcəkdir.

Mirzə YUSİF,

publisist, Yazıçılar Birliyinin və

Jurnalistlər Birliyinin üzvü.