Konfutsi İnstitutu AZƏRTAC-la əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır
Digər xəbərlər

Konfutsi İnstitutu AZƏRTAC-la əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır

Çin dili üzrə kadrların hazırlanması istiqamətində AZƏRTAC ilə Konfutsi İnstitutu arasında geniş əməkdaşlıq mövcuddur və institut bu işin davam etdirilməsində maraqlıdır. Bu il Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə AZƏRTAC-la birgə sərginin təşkil edilməsini istəyirik.

Bu fikirləri Konfutsi İnstitutunun yeni təyin olunmuş çinli direktoru Vang Haoqiang AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla yanvarın 19-da keçirilən görüşdə səsləndirib.

İdarə Heyətinin sədri qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Konfutsi İnstitutu Bakıda fəaliyyət göstərməyə başladığı ilk vaxtlardan AZƏRTAC onunla sıx əməkdaşlıq edir. İkitərəfli əlaqələrin inkişafı xalqlarımızın bir-birini yaxından tanımasına öz töhfəsini verir. Birgə sərginin keçirilməsi və əməkdaşlığın yeni formatları bu baxımdan faydalı ola bilər.

Sonra çinli qonaqlar AZƏRTAC-ın yeni binası ilə tanış olub və kollektivin üzvləri ilə görüşüblər.

Görüşdə, həmçinin Konfutsi institutun müəllimi Zeng Chunxiao iştirak edib.

AZƏRTAC