Kollektorların keçdiyi ərazilər münbit torpaqlara çevrilir
İQTİSADİYYAT

Kollektorların keçdiyi ərazilər münbit torpaqlara çevrilir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, İmişli rayonunda meliorativ tədbirlərin düzgün aparılması nəticəsində torpaqların münbitliyi artır.

Hazırda əvvəlki illərdə əkin aparılmayan sahələrdə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilib. Zaman keçdikcə şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilib. Bütün bu işlər isə Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsilə həyata keçirilib. İmişli rayonunda ümumilikdə 35900 hektara yaxın meliorasiya olunmuş torpaqlara 1531 kilometr drenaj və kollektorlar şəbəkəsi vasitəsilə xidmət göstərən idarə hazırda bu istiqamətdə işlərini davam etdirir.

İdarə tərəfindən bu ilin əvvəlindən etibarən 14 ədəd hidrotexniki qurğu, vaxtilə tikilmiş və yararsız hala düşən borular sökülüb yeni borularla əvəzlənərək cari təmir olunub. Bu da nəticədə kollektorlarda qrunt və səth sularının normal axıdılmasına, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına müsbət təsirini göstərib.

Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Buna misal olaraq ətrafda əkilən pambıq sahələrini göstərmək olar.

Qeyd edək ki, kollektor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır. İlk öncə təsərrüfatdaxili kollektorlar lildən təmizlənərək əsas kollektorlara ötürülür. Bu kollektorlar da magistral kollektorlara qoşulur. Ən sonda magistral kollektorlar qrunt suları rayon ərazisindən kənarlaşdırır və beləcə ətraf ərazilər münbitləşir.

Nəriman CAVADOV,

"Respublika".