Kolinda Qrabar-Kitarovic: Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub
MÜSAHİBƏLƏR

Kolinda Qrabar-Kitarovic: Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub

Bakı Qlobal Forumu hərtərəfli və çox vacib bir tədbirdir. Biz bu Forumda tolerantlıq, sülh və təhlükəsizlik məsələlərini müzakirə edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox möhtəşəm işlər görür.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.

O bildirib: "Çox şadam ki, yenidən Bakıdayam. Sonuncu dəfə Bakıda Xorvatiyanın Prezidenti kimi olmuşam. Prezident İlham Əliyevlə görüşümdə onu illərdir davam edən münaqişənin həll olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etdim. Mən Azərbaycan xalqına sülh və rifah arzulayıram".

Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya həmişə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. "Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub. İndi qarşıda duran əsas məsələ Qarabağın bərpasıdır. Azərbaycan ilə Ermənistan arasında da əlaqələrin normallaşacağına ümid edirik. Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq üçün Avropa İttifaqı əlindən gələni edə bilər", - deyə o qeyd edib.

AZƏRTAC