Sosial həyat

"Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib

Mayın 12-də Bakı Konqres Mərkəzində "Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələrindən, tarixi qələbəmizdən bəhs edən filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak ediblər.

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.

Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır. Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, sərhəd qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə edilib. Nikbin sonluqla yekunlaşan ekran işi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Müharibə iştirakçıları bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb. 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi kimi yaddaşlara yazılıb.

"Köhnə çamadanlar" filminin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata yaxın olan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

Əsas rollarda Xalq artistləri Məmmədsəfa Qasımov, Qabil Quliyev, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları çəkiliblər. Filmin yaradıcı heyəti səhnəarxası təəssüratlarını bölüşüblər, yaratdıqları hər bir obrazda müharibə şahidləri kimi yaşadıqları hiss və həyəcanı, qüruru ekrandan tamaşaçılara da təlqin etməyə çalışıblar. Gerçək hadisələrin və qəhrəmanların ekran təcəssümü olan filmi göz yaşları və həyəcansız izləmək mümkün olmayıb.

Filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil olunub.

Qeyd edək ki, 2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar" tammetrajlı bədii filmi "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. "OYUN" inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan filmin baş sponsorları "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti və "AK Company"dır.

Bakı Konqres Mərkəzi isə filmin mövzusunun xalqımız üçün yüksək mənəvi dəyərini nəzərə alaraq qala gecəsinin keçirilməsinə dəstəyini əsirgəməyib.

AZƏRTAC