Köçəri haylar köç havasında
Siyasət

Köçəri haylar köç havasında

BMT-nin hesabatlarına əsasən, miqrasiya və təbii artımın ciddi şəkildə azalması səbəbindən 12-17 il sonra Ermənistan əhalisinin sayı 1.5 milyon nəfər olacaq. Hazırda erməni əhalinin sayı 2.9 milyon nəfərdir.

Üçüncü prezident Serjik Sarkisyan Ermənistanın əhalisinin 2040-cı ildə 4 milyon, baş nazir Nikol Paşinyan isə 2050-ci il üçün 5 milyon olacağını açıqlamaqla mühacirətin nəticələrini gizlətməyə çalışırlar. Son 30 ilin statistikasına nəzər salsaq, görərik ki, müstəqillik əldə etdikdən sonra 1 milyondan çox insan Ermənistanı tərk edib və geri qayıtmayıb. Erməni gənclər isə Qərbi Avropada, ABŞ-da və digər firavan ölkələrdə məskunlaşmağı üstün tutur.  Xüsusilə, xalqımızın qatı düşməni olan Serjik Sarkisyanın prezident olduğu 10 il ərzində 350 mindən çox insan ölkəni tərk edib.

Nikol Paşinyan hakimiyyətə gələndən sonra fərqli nəticələr gözlənilirdi. Çünki inqilab baş verdi, haylarda gələcəyə inamı yarandı. Lakin Nikol da gözləntiləri  doğrultmadı. O, həmişə populist açıqlamalar verib, əhalini revanşizmə həvəsləndirib. Ermənilər çarəni yenidən mühacirətdə tapıblar. İqtisadi bərabərsizlik, işsizlik və sosial ədalətsizliyin olduğu ölkələrdə populist mesajlar cəlbedici görünür. Bu səbəbdən də erməni əhalisi Paşinyanın açıqlamalarına aldandığını gec anladı. Ermənistandan əhalinin xaricə axını artıq böyük rəqəmlərlə ölçülür. Ölkəni tərk edən və geri dönməyənlərin sayı sürətlə artır.

Əhalinin Ermənistandan köçünün sürətli axını ölkənin sabitliyi və gələcək rifahı üçün ciddi təhlükə hesab olunur. Bir neçə il əvvəl Ermənistanda daha çox regionlarda, ucqarlarda və sərhədyanı ərazilərdə yaşayan yerli əhali ölkəni tərk edirdisə, bu gün artıq iri şəhərlər və paytaxt İrəvan da ciddi miqrasiya ilə qarşı-qarşıyadır. Bu yaxınlarda İrəvan küçələrində aparılan sorğu nəticəsində şəhər sakinlərinin 46 faizi ölkəni birdəfəlik tərk etmək arzusunda olduğunu bildirib.

Bütün bunlara baxmayaraq, İrəvan hakimiyyəti sülh müqaviləsi imzalayıb ölkənin inkişafı üçün çalışmaq yerinə separatizm meyillərinin artmasına rəvac verir. Əhalinin azalması davam edən gərginlik və münaqişələrlə yaddaqalan hadisələr  suverenliyi  müdafiə etmək qabiliyyətini azaldır. İkinci Qarabağ müharibəsi zamanı döyüş səngərlərini  qoyub qaçan ermənilər yəqin ki, hər birimizin yadındadır. Lakin daha  gülünc olan Ermənistanın artıq orduya qadınları da cəlb etməsidir. Mühacirətin sürətlə artması və aşağı doğum göstəriciləri Ermənistanın demoqrafik gələcəyi üçün qaranlıq mənzərə yaradır.

Hayların Ermənistanı tərk etməsinə çoxsaylı amillər, o cümlədən iqtisadi çətinliklər, iş imkanlarının olmaması, siyasi qeyri-sabitlik və tarixi münaqişələrin uzunmüddətli təsirləri səbəb olur.  Sözsüz ki, Ermənistanın əhalisinin azalması onun geosiyasi mövqeyinə və təhlükəsizliyinə əhəmiyyətli təsir göstərir. Bu, həmçinin Ermənistanın beynəlxalq məsələlərdə sövdələşmə gücünü azaldır, onu xarici təzyiqlərə və təsirlərə daha həssas edir. Bu səbəbdən, ilk öncə daxili problemləri həll etmək, əhalinin rifahı üçün çalışmaq əvəzinə, İrəvan hakimiyyəti bunları aradan qaldırmaq yerinə, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı açıqlamalar verir.

Əldə etdiyimiz statistikaya görə,  2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə ölkəni tərk edib və qayıtmayıb. Son 10 ildə isə bu rəqəm 291 min 327 nəfər təşkil edib. Təkcə 2020-ci ildə ölkəni tərk edənlərin sayı 42 min 786 nəfər olub. Son 3 ildə isə turist adı altında Ermənistanı tərk edən və bir daha geri qayıtmayanların sayı 138 min 24 nəfərdir. Yüz minlərlə erməni "Green Card" üçün müraciət edib. ABŞ səfirliyinə daimi yaşamaq üçün müraciət edənlərin sayı 602 min 359 nəfər olub. Görünür, Qərbdəki havadarların sözü ilə hərəkət edən, hökumətdən əlini üzən əhalinin də ümidi oralardır.

İstər məşğulluq, istər təhsil, istərsə də həyat keyfiyyəti baxımından xaricdə daha yaxşı perspektivlərin cazibəsi ölkəni tərk edənlərin davamlı axınına səbəb olub. Nəticə etibarilə Ermənistanın üzləşdiyi depopulyasiya böhranı təcili və hərtərəfli tədbirlər görməyi tələb edir. Bu kütləvi mühacirətin nəticələri və əsas səbəblərinin aradan qaldırılması, əhalinin azalması tendensiyası erməni siyasətçiləri üçün əsas prioritet olmalıdır. Lakin görünür, Paşinyan bu prolemdən narahat deyil. Yəqin ki, Nikol vətəndaşların xaricdə iş axtarmaq üçün ölkəni tərk etməsinə icazə verməklə yerli əmək bazarına təzyiqi və işsiz əhali arasında sosial narazılıq potensialını azaltmağı düşünür. Miqrasiya Paşinyan hökuməti üçün aktual olmasa da, Ermənistanın  mühacirətə səbəb olan əsas iqtisadi və sosial məsələləri həll etməsi absurddur.

Ermənistanın mövcud sosial-iqtisadi problemlərini nəzərə alsaq, daxili məsələlərin həlli və inkişafa sərmayə yatırmaq, silah almaqdan üstün olmalıdır. Baş nazir Paşinyanın revanşdan çox işsizliklə mübarizə, həyat səviyyəsini yaxşılaşdırmaq, təhsil və səhiyyə sistemlərini təkmilləşdirmək və iqtisadi artımı təşviq etmək məqsədi daşıyan təşəbbüslərə resursların ayrılmasına üstünlük verməlidir. Nə qədər ki, Paşinyan sülhə doğru addımlamaq istəmir, onda  Ermənistan firavan gələcəyə doğru yola çıxa bilməyəcək.   

Nurcan SÜLEYMANOVA,

"Respublika".