İQTİSADİYYAT

"KOB Fest" yarmarkaları davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək növbəti "KOB Fest" sərgi-satış yarmarkası iyulun 22-də Şəki şəhərində təşkil olunacaq.

Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Bu barədə Agentliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir. "KOB Fest" çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və başqa xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların işləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram da təşkil ediləcək.

Qeyd edək ki, bu ilin aprel ayından start götürən "KOB Fest" sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir. Bundan əvvəl "KOB Fest" tədbiri Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt və Quba şəhərlərində təşkil edilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".