Klassik Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqif
Sosial həyat

Klassik Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqif

Azərbaycan ədəbiyyatında onun adı və yaradıcılığı istiqamətində müxtəlif fikirlər var. Bədii irsi tam olaraq dövrümüzə gəlib çatmasa da,  ədəbiyyatımızda Molla Pənah Vaqif yaradıcılığı  sevilərək oxunur. Şair əsasən Azərbaycanın orta əsrlər ruhuna və şifahi xalq poeziyasına yaxın şeirlər yazmışdır. Və onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Şair Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deməsi və qazandığı hörmət sayəsində Molla Pənah adını almışdır. Onun hakimliyi, biliyi haqqında xəbərlər Qarabağdan çox uzaqlara yayılır. Xalq arasında böyük nüfuz qazanan Vaqif barəsində belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah ola bilməz".

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa, anası isə Ağqız xanım olub. Əsl adı Pənah olsa da, ziyalı şəxs olduğu üçün xalq arasında ona Molla deyə müraciət etmişlər. Vaqif isə onun təxəllüsüdür. Kiçik yaşlarında mədrəsədə alim və müəllim Şəfi Əfəndinin yanında təhsil almışdır. Astronomiya,  riyaziyyat, musiqi üzrə biliklərə yiyələnmişdir. 42 yaşına kimi Qazaxda yaşamış Molla Pənah Vaqif yüksək təhsil almış, ərəb və fars dillərini öyrənmiş, bir sıra dini, dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri nəticəsində Qazaxın bəzi  kəndlərinin sakinləri, o cümlədən Molla Pənah Vaqifin ailəsi Qarabağ xanlığına köçməli olur. Onlar Cavanşir mahalının Tərtərbasar kəndində yerləşirlər. Təhsilini bu kənddə başa vuran  Vaqif elə  həmin kənddə məktəb açır. Uşaqlara elm öyrədir. Bir müddət sonra isə Şuşaya köçür. Qarabağın mərkəzində Saatlı məhəlləsində məktəb təsis edir. Onun elm yolundakı uğurlu fəaliyyəti və alimlik şöhrəti nəhayət Qarabağ xanına çatır. Beləcə, Qarabağ xanı İbrahimxəlil xan Vaqifi sarayına dəvət edir. Astronomiya ilə ciddi məşğul olan Molla Pənah Vaqifin ay tutulması və zəlzələ barədə əvvəlcədən xəbər verməsi xanı təəccübləndirir. Vaqiflə tanış olub, biliklərini yüksək qiymətləndirərək  onu xanlığın rəhbərliyinə cəlb etmək qərarına gəlir. İbrahimxəlil xan Vaqifi əvvəlcə eşikağası, xarici işlər naziri, sonra isə özünün baş vəziri təyin edir. Molla Pənah Vaqif ağlı və təcrübəsi sayəsində xalq arasında böyük rəğbət və nüfuz qazanır. Hətta Ağa Məhəmməd şahın saray xadimi olan Abraham Beknazaryants Vaqifi Qarabağ türklərinin mənəvi rəhbəri adlandırmışdır.

Dövlət daxilində və xaricində olan bütün işləri Molla Pənah Vaqifin məsləhəti ilə həll edən İbrahimxəlil xanın şairə böyük hörməti olub. Şuşada inşa edilən bir çox binaların tikintisində Vaqif iştirak edib. Mühəndis işlərini yaxşı bilən Vaqif Şuşa şəhərinin ətrafına çəkilmiş divarların tikintisinə rəhbərlik edir. Zəngin kitabxanaya sahib olan şair hər zaman bilik və bacarığını artırmağa çalışır. O, özünü bacarıqlı dövlət xadimi, müdrik alim və xalq arasında sevilən şair kimi də tanıda bilir. Əsasən qoşma, təcnis,  qəzəl, müxəmməs janrında şeirlər yazmış, yaradıcılığında xalq ədəbiyyatının ruhunu saxlamaqla klassik poeziyaya da müraciət etmişdir. O, klassik poeziyanın ənənələrinə yenilik qataraq deyiliş tərzini və ifadə üsulunu yeniləmişdir. Yaradıcılığının əsas mövzusu mərhəmət və insan gözəlliyinin tərənnümü olmuşdur. Molla Pənah Vaqif yaradıcılığında Şərq poeziyasının bütün klassik formalarından istifadə etmişdir. Heca vəznində yazdığı şeirləri Azərbaycan poeziyasının parlaq nümunələrindəndir. Onun dillər əzbəri olan "Durnalar", "Heyran olmuşam", "Toy adamları", "Sonalar kimi", "Tel nazik" və s. şeirləri hələ də oxucu tərəfindən sevilir.

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar səhəri gün sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə gələn Məhəmməd bəyin Vaqifdən xoşu gəlmirdi. Nəticədə Molla Pənah Vaqifi oğlu Əli bəylə birlikdə öldürtdürür. Şairin bütün külliyyatı,  əlyazmaları yandırılır.

Molla Pənah Vaqif bütün dövrlərdə Azərbaycan xalqının qəlbində hörmətlə anılır, xatirəsi əziz tutulur. Hələ 1967-ci ildə dövlət başçısı Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyib. Lakin məzarı tapa bilməyiblər. Qısa müddət ərzində Heydər Əliyevin tapşırığı ilə məzar tapılır və 1980-1981-ci illərdə Vaqifin məzarı üzərində abidə və türbə tikilir. 1982-ci ildə isə Heydər Əliyevin iştirakı ilə Vaqifin məqbərəsinin açılışı olur. Həmin vaxtdan etibarən Molla Pənah Vaqifin məqbərəsi insanların ziyarət yeri olmaqla bərabər, həm də bir sıra dövlət səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilir. Lakin 1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilir. Nəticədə Şuşada olan tarixi-mədəni abidələrlə yanaşı, Vaqifin məqbərəsi də erməni terrorunun qurbanı olur. 2020-ci il noyabr ayının 8-də Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa işğaldan azad edildi. Azad Şuşanın bərpasında ilk tikilib, yenidən qurulan abidələrdən biri də Vaqifin məqbərəsi oldu. Bu, dövlət başçısı İlham Əliyevin ata nəsihətinə əməl etməsinin daha bir nümunəsi idi. Bu gün azad Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə yenə də mühüm mədəni tədbirlər keçirilir.

Ramidə YAQUBQIZI,

"Respublika".