Kimin nəyə xidmət etdiyi  aydın görünür
Digər xəbərlər

Kimin nəyə xidmət etdiyi  aydın görünür

Mart ayının 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni separatçıların törətdikləri silahlı təxribatdan bir həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ də bəzi məqamlar qaranlıq qalıb. Düzdür, sualların çoxu artıq cavabını tapıb, ancaq elə məsələlər var ki, onları təhlil etməyə dəyər.

Əslində, belə bir hadisənin olacağı gözlənilən idi. Bizim ekofəalların Laçın dəhlizində başladığı aksiyalar bu yolla Ermənistandan Xankəndiyə silah-sursat daşımaları kimi çirkin əməllərin qarşısını alıb. Ancaq sakit, sabit həyatı sevməyən, daim ara qarışdırma ilə məşğul olan bu quduz tayfa öz ampluasından əl çəkmir və silah-sursat daşımalarını gizlicə həyata keçirmək üçün müxtəlif variant və yollar arayır.

Bu arada ölkə mediasında və internet resurslarda ermənilərin qeyri-qanuni hərbi daşımaları haqqında xəbər və videogörüntülər yayılırdı. Sözsüz ki, internetə sızan bu cür xəbər və çəkilişlər bizim hərbi kəşfiyyatın əldə etdiyi məlumatlardır. Bu izləmələrin nəticəsi olaraq mart ayının 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda hərəkət edən UAZ markalı maşının salonunda silah-sursat daşındığı şübhələri yaranır və Azərbaycan xüsusi təyinatlılarına həmin obyektin saxlanılması əmri verilir. Çox mətləblərin üstünün açılacağından qorxan ermənilər maşını saxlasalar da əsgərlərimizə silahlı müqavimət göstərib atəş açırlar. Ermənilərin açdığı atəş nəticəsində əsgərlərimizdən ikisi şəhid olur, biri yaralanır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilir və bir üzvü yaralanır.

Sual olunur: ermənilər niyə atəş açıb ölüm variantını seçiblər? Axı onlar çox yaxşı bilirdilər ki, bu atışmada onlar məhv olacaqlar. Cavab sadədir, bu əməliyyata hazırlıq gedəndə onlar artıq kamikadze kimi hazırlanıblar. Yəni burada məntiq belədir, əsir düşüb sirləri açmaqdansa öldür, sonra özün də öl. Ona görə onlar bu ölüm variantına hazır idilər. Ermənilərin əllərində ölüm variantına hazır ssenarilərinin olduğu da hadisədən dərhal sonra üzə çıxdı.

Elan edildi ki, maşın "pasport və viza" xidmətinə aid olub, maşındakı sərnişinlərsə polis imişlər. Sual olunur: dedikləri bu "pasport və viza" xidməti nə idarədir, o kimə aiddir? Qondarma Xankəndi hökumətinəmi? Onlar hansı ölkə ilə diplomatik münasibətdədir ki, pasport-viza rejimi aparırlar? Özü də dedikləri kimi, bu əgər "pasport və viza" xidmətinə aid maşındırsa, burada əlisilahlılar kimi və ya nəyi qoruyublar? Bildiyimiz qədər pasport-viza xidməti məxfilikdən uzaq sənədlərlə işləyən bir təşkilatdır. Bəs onda bu silahlılar orada nə edirdilər? Və bir də bu maşın niyə Laçın dəhlizi ilə hərəkət etməyib? Hamı bilir ki, bu gün bizim ekofəallarımız dəhlizdə aksiya keçirsələr də, hərbi silah-sursat daşıyan maşınları çıxmaq şərtilə digər bütün nəqliyyat vasitələri oradan rahat keçə bilir. Aydındır ki, bunlar hamısı bəsit uydurulmuş, gülünc bir versiyalardır.

Ermənilər utanmadan məhz bu versiyanı dünyaya bəyan edirlər. Bu günlərdə BBC-yə müsahibə verən qondarma rejimin David Babayan adlı bir nümayəndəsi də müxbirin silahlı insident haqqında verdiyi sualı cavablandırdıqda eynilə həmin versiyanı danışır. Müxbir bu versiyanın ağ yalan olduğunu hiss edib Davidin cavabını gülüşlə qarşılayır. Ağlı başında olan, obyektiv məntiqə malik insan buna inanar? Əlbəttə, yox.     

Bu hadisədən sonra gözlənilirdi ki, Rusiya sülhməramlıları 9 noyabrda imzalanmış üçtərəfli Bəyanata uyğun üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiklərinə görə Azərbaycandan üzr istəyərlər. Ancaq bu, baş vermədi. Əksinə, Rusiya Müdafiə Nazirliyinin martın 6-da yaydığı bülletendə Azərbaycan tərəfi günahlandırıldı və erməni versiyası demək olar eynilə orada öz əksini tapdı. Bizi bu, artıq heç təəccübləndirmir. Çünki təzəlikcə rus sülhməramlılarının müşayiətilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda ermənilərin Xankəndiyə silah-sursat və hərbi heyət daşıdığı videogörüntülər yayılıb. Və artıq kimin nəyə xidmət etdiyi tam aydındır. 

Bütün bu məsələlər onu göstərir ki, Azərbaycan düz yoldadır, onun istəyi legitimdir.

Söhrab SƏFİYEV,

"Respublika".