Kim bu cənnət Vətənin uğrunda olmaz ki fəda?
Türk dünyası

Kim bu cənnət Vətənin uğrunda olmaz ki fəda?

1923-cü ildən bəri 30 avqust Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd edilir

2018-ci il 15 sentyabr. Azadlıq meydanı. Qafqaz İslam Ordusu tərkibində Azərbaycan və türk hərbi hissələri tərəfindən Bakının işğalçılardan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad. O təntənəli anlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradı birgə qəbul edirdilər. Hərbçilərə və qonaqlara müraciət edən Azərbaycan Prezidenti dedi: "Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir". Öz növbəsində Türkiyə Prezidenti isə qeyd etdi: "Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, acısı, problemi də bizim problemimizdir... Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik".

Sonra bu meydandan Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin nümayişi başlayır. Milli türk hərbi geyimində süvarilərin keçidi insanı xəyalən keçmişə aparır. Azərbaycan əsgəri ilə qoşa addımlayan türk mehmetçikləri öz varislərindən aldıqları estafeti qürurla daşıyır. "İstiqlal" marşının sədaları 100 il əvvəli Çanaqqala döyüşlərini xatırladır. Türkiyənin bir dövlət olaraq yaşamaq haqqını özünə qaytaran istiqlal savaşını...

1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun qələbə əzmini nümayiş etdirmiş və 1922-ci ilin avqustunda "Böyük Taarruz" ("Böyük hücum") zəfərinin təməli də məhz Sakarya savaşında qoyulmuşdu. 1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. Avqustun 30-da artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balikəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu. İki həftə çəkən döyüşlərdə 13 min türk əsgəri canını fəda etmişdi... Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyon Karahisar, Ankara və İzmirdə qeyd edilmiş, 1936-cı ilin may ayında rəsmi olaraq hər il Zəfər Bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.

Möhtəşəm Çanaqqala Zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlanmışdır. Türk Ordusunun ən böyük Zəfəri idi Çanaqqala.

"Ordu, Türk Ordusu!.. Bütün millətin köksünü güvən, qürur duyğularıyla qabardan şanlı ad! Onu bu il içində qısa aralarla iki dəfə, böyük kütlələr halında yaxından gördüm; Trakya və Ege böyük manevrlərində... Nizamını, enerjisini, zabitlərinin qeyrətini, böyük komandan və generallarımızın yüksək idarəetmə qabiliyyətlərini gördüm, öyündüm, təqdir etdim. Ordumuz, Türk birliyinin, Türk qüdrət və bacarığının, Türk vətənsevərliyinin çarpazlaşmış bir ifadəsidir. Ordumuz türk torpaqlarının və Türkiyə idealını gerçəkləşdirmək üçün sərf etməkdə olduğumuz sistemli çalışmaların yenilməsinin imkansızlığının təminatçısıdır. Bütün millətə qəlb rahatlığı ilə bildirirəm ki, cümhuriyyət ordusu cümhuriyyəti və müqəddəs torpaqlarını inamla qorumaq və müdafiə etməyə hazırdır". Bu sözləri Mustafa Kamal Atatürk söyləyirdi. Zəfərləri və keçmişi insanlıq tarixi ilə başlayan, hər zaman zəfərlə bərabər yaşam işığını daşıyan qəhrəman Türk ordusu məmləkətini ən böhranlı məqamlarda zülmdən, fəlakət və sıxıntılardan, düşmən hücumundan necə qorumuşdusa, cümhuriyyətin o çətin məqamlarında da öz vəzifəsini layiqincə yerinə yetirdi. Türkiyə ən zəif sayıldığı bir zamanda ən qüvvətli olduğunu təsdiqlədi, Ordusu sayəsində. Bu ordunun başında ölümə gedən, sevə-sevə qanını axıdan, vücudlarını parça-parça etməkdən zövq alan əsgər və zabitlərinin qəhrəmanlığını söyləmək artıqdır. Fəqət buna bir kəlmə əlavə etsək deyərik: "Bu vətən nə zaman dara düşsə vətən övladları ayağa qalxmışdır".

Yenə də böyük öndər Atatürk söyləyirdi: "Dünyada sevgisi mənim üçün yeganə comərd olan şey Mehmetin, türk kəndlisinin kökündən gələn şeylərdir. Onun sevgisinə inanmış olanlar insanların ən xoşbəxtidir. Dünyanın heç bir ordusunda ürəyi səninkindən daha təmiz, daha sağlam bir əsgərə rast gəlinməmişdir. Hər zəfərin mayası səndədir. Hər zəfərin ən böyük payı sənindir. İnancınla, imanınla, əmrə tabe olmağınla, heç bir qorxunun əyə bilmədiyi dəmir kimi təmiz qəlbinlə, düşməni əzmək bacarığınla bərabər, qeyrətin üçün təşəkkürümü bildirməyi özümə borc bilirəm".

Mehmetçik, o, nə almazdır, o! Mehmetçik, dünyanın ən igidi Mehmetçik... O, hər an anılmağa, ehtirama layiqdir. Onlar üçün heykəllər qurulmalıdır! Ancaq bu torpaqların Türk sərhədləri içində qalmasıyla, Mehmetçik ən böyük heykəli özü qurmuşdur.

Mustafa Kamal Qurtuluş savaşının əhəmiyyətli bir hissəsini təşkil edən Sakarya döyüşündə söyləyirdi: "Xətt müdafiəsi yoxdur, səth müdafiəsi var. O səth bütün Vətəndir. Vətən torpağının hər qarışı, vətəndaşın qanı ilə islanmadığı təqdirdə tərk edilə bilməz".

1922-ci il 30 avqust Zəfərindən bəri 100 ilə yaxındır ki, bu coğrafiyada hökmranlıq mübarizəsi davam edir. Türkiyə Cümhuriyyəti bir əsr əvvəl olduğu kimi, bu gün də bölgəmiz və məzlum millətlərin ümid yeri olaraq parlamağa davam edir. Türk dövləti neçə yüz illiklər boyu olduğu kimi, gələcək əsrlərdə də ədalətin, sülhün, əmin-amanlığın təminatçısı olacaq.

30 avqust Zəfərinin ildönümündə Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və silahdaşlarını, vətən üçün canlarını fəda edən şəhidləri hörmətlə anırıq.

Bəli, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "Türkiyə hər zaman bir olacaq, iri olacaq, diri olacaq!". Nə xoş ki, böyük qardaşımız Türkiyə həmişə ədalətin, haqqın yanındadır. Nə xoş ki, Türkiyə Azərbaycanın yanındadır. Nə xoş ki, xalqımız üçün ən əhəmiyyətli tədbirlərdə Azərbaycan-Türk Ordusu qoşa addımlayır. Nə xoş ki, Türk mehmetçikləri yüz ildən bəridir ki, "İstiqlal" marşının sədaları altında qürurla söyləyir:

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?

Şühəda fısqıracaq torpağı sıxsan, şühəda!

Canı, cananı, bütün varımı alsın da Xuda,

Etməsin tək vətənimdən məni dünyada cüda...

Zümrüd QURBANQIZI,

"Respublika".