Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətində prioritetdir
İQTİSADİYYAT

Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətində prioritetdir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənc bir respublika və dövlət olaraq öz hərbi, siyasi, iqtisadi, mədəni və s. hədəflərini müəyyənləşdirməyə başladı. Gənc dövlətin inkişaf strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən ərsəyə gətirildi. Ulu öndər isə öz iqtisadi strategiyasında sahibkarlığın inkişafına çox böyük önəm verirdi.

Heydər Əliyev 2002-ci il aprelin 23-də yerli, mayın 14-də isə xarici iş adamları ilə görüş keçirdi, onların problemlərini şəxsən dinlədi. Bunun ardınca həmin il avqustun 17-dən sentyabrın 28-dək ölkəmizdə sahibkarlığın inkişafına dair çoxlu fərman, sərəncam, əsasnamə, qayda, proqram və s. qəbul etdi.

Beləliklə, dövlətin iqtisadi siyasətində sahibkarlıq prioritet təşkil etdi. Bu siyasət Prezident İlham Əliyev dönəmində də uğurla davam və inkişaf etdirilir. Qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında da bu məsələ ətraflı və prinsipial şəkildə öz əksini tapıb.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Daha sonra isə dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Kiçik və Orta Biznesin İnkişaf Agentliyi adlandırılıb, həmçinin, həmin fərmana əsasən Agentliyin Əsasnaməsi təsdiq olunub.

Təbii, zaman keçdikcə, Agentliyin fəaliyyəti mərhələ-mərhələ daha da təkmilləşdirilib, onların hüquq və səlahiyyətləri, maliyyə-kredit imkanları genişləndirilib. Bu baxımdan dövlət başçısının 29 may 2019-cu il tarixli fərmanı böyük əhəmiyyətə malikdir. Belə ki, fərmana əsasən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdıırlması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib.

Bundan sonra, hökumət də və həmin “Qayda”ya uyğun təhsil, elm, tədqiqat və s. layihələrinin maliyyələşdirilməsi, habelə bu mövzuda müsabiqələr keçirilməsi qaydalarını təsdiqləyib.

KOBİA kiçik və orta sahibkarlığa dövlət dəstəyi göstərir, onlara güzəştli kreditlər verir. Kiçik sahibkarlığa dəstək və işini təşviq məqsədilə onların əl işlərini, məhsullarını sərgiyə çıxarır. Məsələn, KİV-də yayılan məlumatlara görə, Bakı Expro Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Aqro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “İnter Food Azerbaijan-2021” sərgisində kiçik sahibkarların da məhsul və xidmətləri nümayiş olunacaq. Bunlar əsasən kiçik sahibkarların hazırladıqları məhsullardır - bitki çayları, ədviyyat, yağlar, meyvə quruları və s.

Yeri gəlmişkən qeyd edək ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq olunub. Bu səlahiyyət də KOBİA-ya verilib, müraciətlər sahibkarlar tərəfindən bu quruma edilməlidir. KOBİA isə müraciətləri müvafiq dövlət qurumlarının (İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA və s. qurumlar) nümayəndələri və müstəqil ekspertlərin iştirakı ilə araşdırır və qərar qəbul edir.

KOBİA beynəlxalq arenaya da çıxır. Sahibkarlarımızın hüquqlarını və maraqlarını dəstəkləyən, müdafiə edən müqavilələr imzalayır.

COVİD-19 pandemiyası ilə əlaqədar KOBİA bu işdən zərərçəkən sahibkarlara dəstək göstərməyə çalışıb və buna nail olub. Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli qərarı bu işdə əsas götürülərək sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilib. Bu dəstək 22 min vergi ödəyicisini, habelə 200 min nəfərə yaxın işçini əhatə edib. Pandemiyadan zərər çəkdiklərinə görə sahibkarlara 52,5 milyon manatlıq maliyyə dəstəyi göstərilib.

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrasda dövlət başçısı İlham Əliyevə məlumat verilib ki, kiçik biznesin və məşğulluğun genişləndirilməsinə imkan yaradan amillərdən biri də turizmdir. Turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə etmək üçün kiçik mehmanxanalar sisteminin yaradılmasına ehtiyac var.

KOBİA Azərbaycanda yeni qurumdur, lakin sahibkarların maraqlarının qorunması, onların problemlərinin çevik həlli istiqamətində müsbət təcrübə toplaya və özünü doğrulda, təsdiqləyə bilib.

Nəriman CAVADOV,

“Respublika”.