Keşməkeşli tarix, şanlı Qələbə
Siyasət

Keşməkeşli tarix, şanlı Qələbə

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürüb. Buna baxmayaraq, müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin timsalında müasir əsaslar üzərində formalaşmış dövlət idarəçiliyi təsis edilib. Bu hadisə Azərbaycan dövlət idarəetməsinin tarixində xüsusi yer tutub. Lakin iqtisadiyyatı dağıdılmış aqrar ölkədə, qorxu, həyəcan içərisində hələ də hansı hadisələrin baş verməsinin təfərrüatında, fərqində olmayan, onu mahiyyətcə anlamayan vətəndaşlara malik olan, çox gərgin siyasi bir vəziyyətdə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti bir çox taleyüklü məsələləri həll etməli idi.

Azərbaycan Xalq Cümhuriyyəti əsl milli dövlət idi. Hakimiyyətin ilk günlərindən hökumət 27 iyun 1918-ci ildə türk (Azərbaycan) dilini dövlət dili elan etdi. Bundan başqa, iyunun 24-də qəbul edilmiş qırmızı parçadan hazırlanmış ağ səkkizguşəli ulduzlu və ayparalı bayraq, noyabrın 9-da milliliyi - türkçülüyü, müasirliyi və islamı özündə əks edən mavi, qırmızı və yaşıl rəngli, üzərində ağ aypara və səkkizguşəli ulduzdan ibarət bayraqla əvəz olundu.

1919-cu ildə Bakı Dövlət Universitetinin açılması nəinki Azərbaycan tarixində, həm də müsəlman Şərqində böyük hadisə idi. Ümumiyyətlə, həmin dövrdə Azərbaycanda 637 ibtidai, 23 orta ixtisas və bir ali məktəb fəaliyyət göstərib. Bundan başqa, dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan Ədliyyəsi 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoymuşdur. Ötən dövrə nəzər salanda Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolunun bir daha şahidi oluruq. Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə - 28 may 1918-ci il tarixdə Ədliyyə Nazirliyi təsis edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan məhkəmə palatasının Əsasnaməsi, 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq olunmuşdur.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdir. 1991-ci ildə bərpa edilən müstəqilliyin qorunub saxlanılması heç də asan olmamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik-hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.

Dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının tarixinə qısa bir nəzər salaq. 1990-cı ildə qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi.

Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın Azadlıq meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı azadlıq, müstəqillik uğrunda mübariz olmağa çağırdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. O, müdrik, uzaqgörən siyasəti ilə xalqı azadlıq mübarizəsinə istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyasında Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərar qəbul edildi. Bundan bir qədər sonra Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: "Siz "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinin bərpasına tərəfdar çıxır. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayrağı, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

Heydər Əliyevin müstəqil siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan MR-də hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda, Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi. İyunun 17-dən 18-nə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Ümummilli lider xalqını, Vətənini fədakarlıqla, böyük məhəbbətlə sevirdi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndər bütün mənalı ömrünü Azərbaycanın inkişafına və tərəqqisinə həsr edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub.

Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoyub, respublikada siyasi sabitliyə nail olunub. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlıq bərqərar olub. Azərbaycan son 27 il ərzində böyük inkişaf yolu keçib, Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müzəffər sərkərdəlik məharəti ilə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm qələbə tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət başçımız iki əsr davam edən münaqişəyə, 30 ildən artıq sürən işğala Vətən müharibəsi ilə birdəfəlik son qoydu. Qarabağı işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini yazaraq bu şərəfli salnamənin müəllifinə çevrildi. Şuşada dövlətçilik rəmzimiz olan Azərbaycan bayrağını ucaltmaqla bütün Qarabağın sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya nümayiş etdirdi.

Bəxtiyar BABAYEV,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi Bakı şəhəri

Yasamal rayon icra şöbəsinin icra məmuru, 3-cü dərəcəli ədliyyə qulluqçusu.