Kərəm Mirzəyev
Sosial həyat

Kərəm Mirzəyev

Müqəddəs torpaqlarımız uğrunda gedən ölüm-dirim savaşında mərdliklə, şücaətlə döyüşən Milli qəhrəmanlarımızdan biri də Kərəm Ərşad oğlu Mirzəyevdir. Kərəm Mirzəyev 1960-cı il may ayının 20-də Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açıb. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il  rayonda Yol İstismar İdarəsində çalışır.

1978-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1983-cü ildə su qurğuları tikinti mühəndisi fakültəsini bitirərək, doğma yurdu Qubadlıya qayıdır.

1983-1985-ci illərdə Kərəm Sovet Ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmət keçir. Ordudan tərxis olunduqdan sonra - 1990-cı ilə qədər 21 saylı Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışır. O, bacarıqlı mütəxəssis kimi tanınır. Daha sonra öz istəyi ilə polis orqanlarında çalışmaq üçün müraciət edir.

1990-cı ildə Kərəm Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə başlayır. Çox keçmədən ona baş leytenant rütbəsi verilir. Sonra arzusunu nəzərə alaraq, Daxili İşlər Nazirliyi gənc polis zabitini Kalininqrad Ali Hüquq Akademiyasına göndərir. Fərq imtahanlarını müvəffəqiyyətlə verdiyinə görə Akademiyanın ikinci kursuna qəbul edilir.

1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlayır. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşirdi. Kərəm də vəziyyətin gərginləşdiyi ilk günlərdən torpaqlarımızın toxunulmazlığı yolunda vuruşmaq üçün silaha sarılır.

Qubadlı rayonunun müdafiəsində onun müstəsna xidmətləri olmuşdur. Rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və başqa sərhəd kəndlərində gedən şiddətli döyüş əməliyyatlarında fəal iştirak edir. O, 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarır. Bu döyüşdə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilir. "Laləzar" əməliyyatında da Kərəmin böyük xidmətləri olur. 1992-ci ilin aprelində keçirilən bu əməliyyatda erməni quldurlarının başçısı Karenin dəstəsi məhv edilir.

1992-ci ilin oktyabr ayının əvvəlində Laçın rayonunun Mazutlu kəndində iki gün davam edən döyüş nəticəsində Milli Ordumuzun əsgərləri düşməni geri çəkilməyə məcbur etmişdi. Ermənilər əlavə qüvvə alaraq, yenidən mövqelərimizə hücumu nəticəsində polis əməkdaşlarımız mühasirəyə düşürlər. Kərəm vəziyyətin cox təhlükəli olduğunu görüb yoldaşlarına geri çəkilməyi əmr edir, özü isə bir polis yoldaşı ilə erməni yaraqlılarının qarşısını kəsir. Polis işçilərindən ibarət böyük bir dəstəmiz mühasirədən çıxsa da Kərəm özü qəhrəmancasına şəhid olur. K.Mirzəyev Qubadlı rayonu, Xanlıq kəndində dəfn edilmişdir. Xanlıq kənd orta məktəbi onun adını daşıyır. Bir oğlu yadigar qalıb. Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Milli qəhrəmanın oğlu Cahandar Milli Aviasiya Akademiyasının Hüquq fakültəsində təhsil alıb. Atasının üzünü görməyən Cahandar Mirzəyev: "Milli Qəhərəman övladı olmaq böyük şərəfdir. Çalışıram ki, bu ada layiq olum. Atam şəhid olandan sonra biz anamla əmimin və babamın himayəsində yaşamışıq. Onlar bizə hər cür dəstək olublar. Əmim mənə atamın yoxluğunu heç zaman hiss etdirməyib. Onun mənim şəxsiyyət kimi formalaşmağımda çox böyük rolu olub. Atamla hər zaman fəxr eləmişəm. Onun göstərdiyi  şücaətə görə mən bütün dostlarımın yanında həmişə başıuca gəzirəm. Anam da rəhmətə gedəndə mən 4-cü sinifdə oxuyurdum. Atasızlıq və heç gözləmədiyimiz anda anamın dünyasını dəyişməsi mənim üçün çox ağır idi. Zaman keçdikcə anamın yoxluğunu daha çox hiss edirəm. Anam rəhmətə gedəndən sonra babamla yaşamağa başladım. Sevincimi, kədərimi paylaşmaq üçün valideynlərimin yanımda olmağını çox istərdim. Təəssüf ki... Arzum ata yurdunda Vətənə xidmət etməkdir".

Bu gün müstəqil Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Kərəmin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Artıq şəhidlərimizin ruhu şaddır. Vətən uğrunda  şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

M.MİRZƏ,

"Respublika".