KƏRƏM BIR MƏŞƏL IDI
Region

KƏRƏM BIR MƏŞƏL IDI

Qubanın Rustov kəndində doğulmuşdu. Sonradan ailəsi Xaçmaza köçmüş, burada boya-başa çatmışdı. İdmançı idi. Əvvəlcə taekvondo, güləş, daha sonra isə kinboksinq ilə məşğul idi. Rayon, zona, respublika yarışlarında dəfələrlə fərqlənmişdi. 2015-ci ildə Türkiyənin Antalya şəhərində kinboksinq üzrə dünya çempionatının qalibi oldu. Bir il sonra isə Rusiyanın Anapa şəhərində keçirilən dünya çempionatında erməni idmançı ilə üz-üzə gəldi. Rəqibini elə ilk dəqiqədə diz üstə çökdürdü. Daha sonra Bakı şəhərində keçirilən beynəlxalq yarışda daha bir qələbə qazandı. Üçqat  dünya çempionu oldu. Yarışların qalibi kimi üç dəfə Azərbaycan  bayrağını yüksəklərə qaldırdı.

Söhbətimiz 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq və igidlik nümunələri göstərən Xaçmaz şəhər sakini şəhid Kərəm Səttər oğlu Veyisov haqqındadır.

Həqiqi hərbi xidmətini 2017-2018-ci illərdə döyüş bölgəsində - Goranboyda keçmişdi. Pulemyotçu idi. Xüsusi bacarığı və qabiliyyətinə görə kiçik çavuş kimi manqa komandiri təyin olunmuşdu. Hərbi hissənin rəhbərliyi tərəfindən nümunəvi xidmətinə  görə ailəsinə dəfələrlə Təşəkkürnamə göndərilmişdi. Kərəm əsgər  yoldaşları və komandirləri arasında nüfuz, hörmət sahibi idi. Hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam etdi. "Məşqçi-hakim" dərəcəsini aldı. Xaçmaz Şəhər Olimpiya İdman  Kompleksində "Kinboksinq" klubu açdı. Ətrafına xeyli idmançı  yığmışdı. Yeniyetmələr bu idman klubuna çox həvəslə gəlirdilər. 2020-ci ilin yanvarında Şimal bölgəsində ilk dəfə olaraq 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kinboksinq yarışı  keçirildi. Keçirilən açıq birinciliyin təşkilatçısı da Kərəm Veyisov özü idi. Bundan sonra neçə-neçə yarışlara rəhbərlik etmişdi. Arzusu Fövqəladə Hallar Nazirliyi sistemində işləmək idi. Bu sahə üzrə peşə liseyində təhsil də almışdı.

2020-ci ilin iyulunda Tovuz hadisələri baş verdi. Elə həmin günün  səhərisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinə getdi. Könüllü olaraq orduya yazıldı. Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi axşam saatlarında ona zəng gəldi. Səhər tezdən o, cəbhəyə yollandı.

Kərəmin döyüş yolu Füzulidən başladı. Şuşada - Daşaltıda bitdi. 40 günlük qəhrəmanlıq, hünər, cəsarət, mərdlik, fədakarlıq yolu keçdi.  Füzuli uğrunda gedən döyüşlərdə yaralandı. Bir müddət Beyləqan hospitalında yatdı. Çox keçmədi ki, igid döyüşçü yenə ön xətdə göründü. Çevikliyi, uzaqgörənliyi, cəsarəti ilə burada da fərqləndi. Döyüş yoldaşlarının Kərəm haqqında çoxlu xatirələri var. Onlar Kərəmin yüksək döyüş qabiliyyətindən, cəsarətindən və qayğıkeşliyindən ağız dolusu danışırlar. Söyləyirlər ki, Kərəmin gözündə qətiyyən qorxu yox idi, qabağımızda sanki bir məşəl idi.

Döyüş yoldaşları, komandirləri Kərəmi tez-tez yad edir, ailəsinə baş çəkirlər.  Bu günlərdə onlardan biri Şuşada olarkən Daşaltıda Kərəmin şərəfinə ağac əkmişdir. Bu şəhid yoldaşına olan sədaqətin, sevginin, ehtiramın nümunəsidir.

Kərəmin yaşadığı, boya-başa çatdığı ata-baba evindəyik. Ailəsi  ilə söhbət edir, xatirələrini dinləyirik. Tez-tez kövrələn Nərgiz ana Kərəm haqqında o qədər xoş sözlər söyləyir. Deyir ki, evin kiçik oğlu olsa da çox ağıllı, tədbirli, qayğıkeş idi. Hər şeyi onunla məsləhətləşərdik. Yanına idmana gələn uşaqlara qarşı çox mehriban idi. Cəmi 22 bahar yaşadı Kərəm. Sanki ürəyinə danmışdı ki, çox tez köçəcək bu dünyadan. Çox iş görməyə tələsirdi. Gözəl arzuları var idi onun. Onun bu qədər sevildiyini təsəvvür etməzdim. Yanıma gələn idmançı uşaqların birindən soruşdum ki, ay bala, məşqlərə gedirsənmi? Söylədi ki, müəllimimin ölümündən sonra mənim üçün kluba getmək çox ağırdır.

Nərgiz ana deyir ki, adətən övladlar valideynlərinə görə tanınır. Bizi isə Kərəmə görə tanıyırlar. Ailəmiz bundan qürur duyur, Kərəmlə fəxr edirik. İndi Kərəmi çox analar, atalar öz övladı, qardaş, bacılar isə qardaşı hesab edirlər. Kərəm öz balamız, bizim qardaşımızdır deyirlər.

Evdə otaqların biri şəhidə həsr olunub. "Xatirə otağı"dır. Çox qısa  bir ömür yolunu əks etdirən saysız-hesabsız sənədlər, diplomlar, kuboklar, kəmərlər, fəxri fərmanlar, təltiflər, məktublar, fotoşəkillər Kərəmin keçdiyi mənalı həyatından danışır.

Şəhidin xatirəsi əbədiləşdirilib. Xaçmaz şəhərində vaxtilə yaşadığı küçəyə  onun adı verilib. Vətən müharibəsində göstərdiyi igidliklərə və qəhrəmanlıqlara görə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

İndi Veyisovlar ailəsinin qapısı tez-tez döyülür. Qonum-qonşu, tanış-biliş, Kərəmin dostları, hətta kənar adamlar Nərgiz ananı tək qoymurlar, həmyerliləri şəhid Kərəm Veyisovun xatirəsini əziz tuturlar.

Ziyafəddin BAYRAMOV,

"Respublika".