Kəpəz dağdan Göygölə bax...
Ekologiya

Kəpəz dağdan Göygölə bax...

Təbiətin ecazkar möcüzəsi

Oğuz yurdu Azərbaycanın hər bir guşəsinin unikal təbiəti, füsunkar gözəlliyi insanda xoş əhval-ruhiyyə yaradır, ecazkar mənzərəsi  insanlara xoş duyğular bəxş edir. İndi Azərbaycanımın ən gözəl çağlarıdır. Bir tərəfdən Qələbə sevinci, bir tərəfdən havaların isti keçməsi insanları  istər-istəməz təbiət qoynuna səsləyir. Ölkəmiz zəngin turizm potensialına malikdir. Onun fauna və florası ölkəmizə gələn turistləri heyran edir.

Göygöl və Maralgöl təbiətin yurdumuza elə bir bəxşişidir ki, əsrlərdir şairlər, rəssamlar, bəstəkarlar bu gözəllikdən ilham alır, onu öz əsərlərində dönə-dönə vəsf edirlər. Hər gün minlərlə yerli və xarici qonaq, turist ana təbiətin yaratdığı bu bənzərsiz mənzərəni seyr edir, onun füsunkar gözəlliyinə məftun olurlar.

Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göygöl, Maralgöl, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qum çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir. Ölkəmizdə müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları var. Kəlbəcər rayonunun İstisu, Naxçıvanın Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan kənarda çox məşhurdur. Bundan başqa, Şabran rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicəvi əhəmiyyətli mineral sulardır. Eyni zamanda, ölkəmizdə vacib sahələrdən biri olan sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur.

Bu baxımdan Göygöl ərazisinin də  dünyanı heyran edəcək zəngin turizm potensialı var. Diqqətinizi gözəllər gözəli Göygölə və onun mirvarisi unikal Hacıkənd  turizm zonasına cəlb etmək istərdim. Hələ qədimdən Gəncə əhlinin yay vaxtı dincəlmək yeri unikal təbiəti olan Göygöl, Hacıkənd, Toğanalı və Xoşbulaq olmuşdur. Gəncədən-Göygölə hərəkət edərkən sanki möcüzələr aləminə düşürsən... Təndirdə bişirilən ətri ətrafa yayılan çörəyin, dəmir sac üstündə, arası ətirli dağ göyləri ilə bol, içərisi xalis xamalı, üzəri sumaxlı olan dadlı kətənin iyindən istər-istəməz ayaq saxlamağa məcbursan. Üstündən ətirli müxtəlif  çiçəklərdən dəmlənmiş pürrəngi çay, bir də sərin, saf dağ havası... Dağ yolu ilə yüksəkliyə qalxdıqca qarşınızda açılan bir-birindən gözəl təbiət mənzərələri və sərinləyən hava xoş təəssürat yaradır. Gəncə, yaxud Göygöl şəhərindən fərqli olaraq burada 10-15 dərəcə aşağı temperaturu hiss edirsən.  Yol qırağında  kəndin sakinləri istirahətə gələnlərə xalis beçə balı, qaymaq, nehrə yağı, qoyun pendiri, isti təndir çörəyi, yuxa, hər cür xəstəliyin müalicəsində istifadə olunan qurudulmuş dağ çiçəkləri, şəfalı otlar, bu dağlarda bitən moruq, böyürtkən, qarağat, zoğal, itburnu və bənövşədən bişirdikləri mürəbbələri, bir də cacıx, baldırğan, çaşır, quşəppəyi və hər cür meyvədən hazırladıqları çeşid-çeşid turşuları gəl-gəl deyir... Yarım kilometr qalxdıqda istirahət zonalarında yer tapmaq müşkül məsələdir. İnsanlar sübh tezdən bu  füsunkar  məkanlarda yerlərini tuturlar. Meşəliklərdə dağ yolu üstündəki müxtəlif adlarla fəaliyyət göstərən ailəvi istirahət və əyləncə mərkəzləri, restoranları, meşədəki ağaclar altında, açıq havada quraşdırılmış kotteclərdə istirahətə gələnlərin çoxluğundan yeri elə də asan tapmaq olmur. Gəncədən 23 km cənubda, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə, Pant sıra dağlarının şimal-qərb yamaclarında, sıx meşəlik dərədə yerləşən 109 ha sahəsi olan kurort, Göygölün mirvarisi yaylaq — Hacıkənddən etibarən iqlim kəskin dərəcədə dəyişməyə başlayır. Məşhur bakılı messenat Hacı Zeynalabdin Tağıyev daxil olmaqla bir çox milyonçu keçən əsrin əvvəllərində burada özlərinə mülk tikdirməyə başlayınca diqqət mərkəzinə çevrildi. Yaylaqda mülk sahiblərinin çoxu hacı olduğu üçün yerin adı da o vaxtdan Hacıkənd qaldı, yəni hacıların kəndi. Yay aylarında ailəcə burada toplaşar, Qarabağdan o zamanın ən məşhur xanəndələrini məclislərinə dəvət edərək muğam gecələri təşkil edərlərmiş. Sonralar burada turizm və ekskursiyalar geniş vüsət aldı və burada turizm mərkəzləri yaradıldı. Keçmiş Sovetlər birliyinin  hər yerindən, Şərqi Avropa ölkələrindən çox sayda turist qəbul edilirdi. Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı sayəsində artıq əvəzolunmaz istirahət məkanı olan Hacıkənd qəsəbəsi günü-gündən öz simasını dəyişib. Burada mövcud olan yerli əhəmiyyətli tarixi abidələr təmir olundu, yeni istirahət guşələri yaradıldı. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması, tarixinin yaşadılması, mədəniyyətinin təbliği istiqamətində də bir sıra işlər həyata keçirildi.

Hacıkənd qəsəbəsində yüksək səviyyədə istifadəyə verilən “Nizami Gəncəvi: sələflər və xələflər” parkı da məhz bu amala xidmət edir. “Sələflər və xələflər” parkında Nizami Gəncəvi başda olmaqla Gəncə mühitinin yetişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi, biləyinin gücü ilə fərqlənmiş şəxslərin heykəlləri ucaldılıb. Burada ümumilikdə 17 abidə var ki, onların arasında Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbül-üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin adları diqqət çəkir. Bu parkın salınması Azərbaycanın, xüsusilə də Gəncənin mədəniyyəti, tarixi və ədəbiyyatının tanıdılması baxımından böyük önəm kəsb edir.   Yolun sağ və sol tərəfində unikal mənzərəni seyr etdikdən, məkana çatmaqdan belə xəbərin olmur. Bəli, ana təbiətin yaratdığı bənzərsiz mənzərə, yurdumuza verilən bəxşişlər: Azərbaycan təbiətinin inciləri olan Kəpəz dağı, Göygöl və Maralgölə nə vaxt çatdığını hiss etmirsən.

Onu demək yerinə düşərdi ki, Kəpəz dağı, onun ətəyindəki sıx meşələr, yamyaşıl güllü-çiçəkli çəmənliklər, qayalar arasından süzülən şəlalələr, buz bulaqlar, dibi görünməyən dərələr boyunca axan çaylar, bir də bir-biri ilə gözəllik bəhsinə girən 19 ecazkar dağ gölü mövcuddur, bunlardan 7-si böyük göllər sırasına daxildir. Xüsusən də Göygöl və Maralgöl təbiətin yurdumuza elə bir bəxşişidir ki, əsrlərdir şairlər, rəssamlar, bəstəkarlar bu gözəllikdən ilham alır, onu öz əsərlərində dönə-dönə vəsf edirlər. Hər gün minlərlə yerli və xarici qonaq, turist ana təbiətin yaratdığı bu bənzərsiz mənzərəni seyr edir, onun füsunkar gözəlliyinə məftun olurlar.

Onu qeyd edək ki, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. O,dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir, eni 800 metrdən 1000 metrə qədər, dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqlar var. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göygölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdır.

Göygöl Azərbaycanın ən dərin gölüdür. Göygölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Göyçə gölünə daxil olur. Ecazkar mənzərəsi olan Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Zəngin bitki örtüyünə malik parklardan olan, Azərbaycan təbiətinin mirvarisi - Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyillikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanıb. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Digər dağətəyi rayonlarda olduğu kimi, Göygöl rayonunun da iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Dağətəyi ərazilərdə və alçaq dağlıqda qışı quraq keçən mülayim-isti, orta dağlıqda qışı quraq keçən soyuq, yüksək dağlıqda isə dağ tundra iqlimi hakimdir. Havanın orta illik temperaturu rayon ərazisində müsbət 10 dərəcədən yüksək olduğu halda, bəzi yüksək dağlıq zonada 0 dərəcədir. Yağıntılı dövr yaz və payızın əvvəli, quraq dövrü isə qışdır. Qışı əsasən mülayim keçir və qar örtüyü o qədər də davamlı deyil. Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılıb. 1100-2200 metr hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan isə, Kox şamı (qarmaqvari şam) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. geniş yayılıb. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, Steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılıb.

Ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də zənginliyinə şərait yaradıb. Park müxtəlif heyvan və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi, tülkü, Radde qonurdişi, Qafqaz köstəbəyi, ağqarın ağdiş və s., quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq və s. yayılıb. Ərazidə məskunlaşan heyvanlardan ikisinin - Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı “Qırmızı kitab”a düşüb. “Qırmızı kitab”da Göygöldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı var. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı, Göygöldə isə forel balığı qorunur.

Göygölə gedən hər bir kəs mütləq Maralgölü də seyr etməyə çalışır. Yaşıllığın arasında balaca bir göl olan Maralgölün eni və uzunu 1 km-ə qədərdir. Dərinliyi 97 metrdir. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü güzgü kimi mənzərəni özündə əks etdirir. Su oksigenlə zəngin olduğu üçün burada farel balığının saxlanması mümkündür. Göl bənzərsiz gözəlliyi, suyunun şəffaflığı ilə seçilir. Yol boyu palıd, cökə, qovaq və s. ağaclar insanın zövqünü oxşayır.

Maralgölünü ziyarət etmək üçün təbiətin yaratdığı daha bir möcüzəni - 365 ədəd pilləkəni qalxmaq lazım gəlir. Təbiət möcüzəsini gözləri ilə görmək üçün məsafələr qət edib gələnlər pilləkənin sayını biləndən sonra bəzən fikirlərindən daşınırlar. Ancaq qeyri-adi gözəlliyi görmək üçün ilin günlərinin sayına bərabər pilləkənləri qalxmaq özü də əyləncəli və çox maraqlıdır. Dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşən Maralgölün ətrafını Göygöldən fərqli olaraq uca dağ çəmənliyi əhatə edir. Hava burada çox sərin olur. Dağlar qoynunda olan bu göldə havanın təmizliyini, oksigen ilə zənginliyini hər nəfəs alışında hiss etmək mümkündür.

Eyni zamanda, Göygölün ərazisində yerləşən Güzgü gölü isə ətrafdakı mənzərəni güzgüdəki kimi özündə əks etdirir. Göl iki hövzədən ibarətdir. Birinci hövzənin sahəsi 1 hektar, dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. Dibində olan bütün daşlar görünür. Gölə atılan əşya sanki 5-6 dəfə böyüyür. Onun üçün də bu göl Güzgü gölü adlanır. İkinci hövzə meşəliyin arasında yerləşir, gün işığı düşdüyü zaman parıldayır. Adının Güzgü gölü olmasının bir səbəbi də budur. Dünyada Güzgü gölünə bənzəyən göllər var. Onlardan biri  Yeni Zelandiyada yerləşən Metison gölüdür. Şəfəqdən sonra suyun sakitliyi gölü güzgü kimi hamar edir. Təbiətin ecazkar əksi sanki güzgüdə görünürmüş kimi göldə əks olunur.

Dağlarla və yamyaşıl meşələrlə əhatələnən bu ərazilərdə havalar tez-tez dəyişir, bir andaca, yağış yağır, bu isə göllər üzərində, dağlar arxasında  analoqu olmayan göyqurşağı yaradır. Günəşin şəfəqləri əzəmətli Kəpəzin sərt qayalarında və Göygöl meşələrində bir başqa gözəllik verir. Bu füsunkar mənzərəni  seyr edəndə gözümün önünə  qeyri-ixtiyari böyük şairimiz Səməd Vurğun gəlir və pıçıltı eşidirəm: GÖY YAYLAQLAR BELİNƏ QALX, KƏPƏZ DAĞDAN GÖYGÖLƏ BAX... 

Zabit XƏLİLOV,

“Respublika”.