Kənd təsərrüfatı məhsulları istehsalında yüksək artım var
İQTİSADİYYAT

Kənd təsərrüfatı məhsulları istehsalında yüksək artım var

2012-ci ildə aqrar sahə ümumi məhsulunun dəyəri 4,7 milyard manat olduğu halda, hazırda bu rəqəm 8 milyard civarındadır

Kənd təsərrüfatı ölkənin Ümumi Daxili Məhsul (ÜDM) istehsalında müxtəlif illərdə fərqli mövqeyə malik olur. Lakin istənilən bütün hallarda o, ÜDM istehsalında ən vacib sahədir. Çünki istənilən məhsulu nə vaxtsa (hansı qiymətəsə) xaricdən almaq olar, amma ərzaq, qida tamam başqa məsələdir. Heç kəs öz evində süfrəsinin qonşudan asılı olmasına razı ola bilməz.

Ona görə də kənd təsərrüfatı ÜDM istehsalında neçə faiz yer almasına rəğmən, həmişə aktualdır. Məsələn, 2019-cu ildə göstərilən sahə ÜDM istehsalında 5,7 faiz təşkil etməklə, 7,9 milyard manata yaxınlaşıb. Amma nəzərə alaq ki, bu rəqəm 2012-ci ildə cəmi 4,7 milyard manat təşkil edirdi. Son 8 ildə 3,2 milyard manatdan da çox artıb.

2012-ci ildə qarğıdalı da nəzərə alınmaqla, 2,8 milyon ton dənli və dənli paxlalı əldə olunub. 968,5 min ton kartof, 1,2 milyon ton tərəvəz, 809,8 min ton meyvə və giləmeyvə, 428 min ton bostan məhsulları, 56,8 min ton pambıq, 150,1 min ton üzüm, 4,3 min ton tütün, 175,7 min ton şəkər çuğunduru, 567,9 ton yaşıl çay yarpağı, 20 min ton dən üçün günəbaxan istehsal olunub.

Ölkədə 2 milyon 703,9 min baş iribuynuzlu, 8 milyon 651,2 min baş xırdabuynuzlu mal-qara olmuşdur. Sürüdə məhsuldar inək və camışların xüsusi çəkisi 48,2 faiz təşkil edirdi.

İl ərzində diri çəkidə 478,8 min ton ət, 1 milyon 719,6 min ton süd, 1 milyard 226,7 milyon ədəd yumurta, 16,5 min ton yun istehsal olunub.

2012-ci ildə 4 milyard 763,7 milyon manatlıq kənd təsərrüfatı malları istehsal olunmuş, Ümumi Daxili Məhsul (ÜDM) istehsalında onun xüsusi çəkisi 5,2 faiz təşkil etmişdir.

Aradan cəmi 7-8 il keçib, 2020-ci ilin yekunları isə tamamilə fərqlidir.

2020-ci il 1 yanvar vəziyyətinə ölkədə 8 milyon 296,3 min baş qoyun və keçi, 2 milyon 658,1 min baş iribuynuzlu mal-qara mövcud olub. Heyvandarlıqda inək və camışların sayı birlikdə 1 milyon 281,2 min başı keçib.

Burada diqqəti cəlb edən əsas məsələ qısa zaman kəsiyində (cəmi 8-9 ildə) aqrar sahənin sıçrayışlı inkişafa nail olmasıdır. Diqqət edin, dənli və dənli paxlalıların istehsalı 2,8 milyon tondan 3,5 milyon tona yüksəlib. Pambıq istehsalı 50 min tondan 300 min tona yaxınlaşıb. Pambıqçılıqda hər hektardan məhsuldarlıq 18-19 sentnerden 30 sentnerə yüksəlib. Qarğıdalı istehsalı göstərilən dövrdə 180 min ton civarından aşaraq 280 min tonu ötüb.

Diqqəti cəlb edən daha bir mühüm sahə yaşıl çay yarpağının 500 tondan 2 dəfə artaraq 1000 tona yaxınlaşmasıdır. Kartof, meyvə və giləmeyvə istehsalının 1 milyon tonu, bostan məhsullarının 500 min tonu ötməsi diqqəti cəlb edir. Tərəvəz istehsalı 1,2 milyon tondan 1,8 milyon tona, şəkər çuğunduru 175 min tondan 250 min tona çatdırılmış, üzüm istehsalı 150 min tondan 200 min tona qaldırılmışdır.

Heyvandarlıqda da analoji vəziyyət hökm sürmüşdür. Lakin burada mal-qaranın baş sayının çoxaldılması yox, onun cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığının artırılması önəmli olmuşdur. 2019-cu ilin yekununa görə, hər inək və camışdan orta hesabla 1636 kiloqram süd sağılmışdır ki, bunu da əvvəlki illərdə yalnız arzu etmək olardı. Qaramal naxırının 48,2 faizini inək və camışlar təşkil edir ki, bu da çox müsbət göstəricidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il təmizləndikdən sonra 3 milyon tondan artıq dənli və dənli paxlalı istehsal olunub ki, bu da ilkin çəkidə hər hektardan 31,8 sentner taxıl deməkdir. Ölkədə keçən il 100 min hektardan çox pambıq əkilib və təmizlənmiş çəkidə 337 min tona yaxın “ağ qızıl” istehsal olunub. Pambıqçılıqda görünməmiş məhsuldarlıq-hər hektardan 33,6 sentner məhsul əldə olunub.

Əlbəttə, bütün bunlar kənd təsərrüfatının inkişafına dövlətin verdiyi dəstəyin nəticəsidir. Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları ilə bağlı müşavirədə dövlət başçısı demişdir: “Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldar və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlardır”.

Müşavirədə dövlət başçısı deyib ki, bu, bizə pambığın 87 faizini texnika ilə yığmağa imkan verir. Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verilir. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparılıb. Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilib. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı. Hər hektara güzəştlər 10 manatdan 50 manata yüksəldi. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddətdə büruzə verdi.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də kənd təsərrüfatının inkişafı diqqət mərkəzində olub. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı 2 faiz artıbdır və daha çox artacaq. Çünki mən göstəriş vermişəm ki, işğaldan azad edilmiş torpaqlarda payızlıq əkinlər aparılsın.

Müşavirədə Prezidentə məlumat verilib ki, kənd təsərrüfatının bitkiçilik sahəsində 1 faiz, heyvandarlıq üzrə 2,9 faiz artım var. 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini aparılıb və bu sahələr işğaldan azad edilmiş ərazilər hesabına növbəti illərdə 10 faiz artacaqdır. Taxıl üzrə məhsuldarlıq hər hektardan 31,2 sentner təşkil edib. Pambıqçılıqda da yüksək göstəricilər əldə olunub. 335 min tondan çox məhsul əldə olunub və məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artaraq 33,5 sentner təşkil edib.

Ötən il fevralın 2-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı kənd təsərrüfatının qarşısında duran vəzifələri belə şərh edib: “Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir”.

Cənab İlham Əliyev üzümçülük, baramaçılıq, tütünçülük, pambıqçılıq, tərəvəzçilik, meyvəçilik və s. sahələrdə emal sənayesini inkişaf etdirməyi vacib sayıb.

Göründüyü kimi, son 10 ildə müxtəlif məhsulların istehsalı dəfələrlə, faktiki dəyəri isə 2 dəfədən çox artıb. Bunlar isə dövlətin aqrar sahəyə ardıcıl, davamlı dəstəyinin, qayğısının bəhrəsidir.

Nəriman CAVADOV,

“Respublika”.