Kəlbəcərdəki Xudavəng monastırında Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub
Sosial həyat

Kəlbəcərdəki Xudavəng monastırında Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub

Ermənistan işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində 26 fevral - Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dini mərasim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Alban-Udi xristian dini icmasının üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksinə səfəri təşkil edilib. İcma nümayəndələri burada dini ayinlər icra edib, Xocalı faciəsi qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxuyublar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov AZƏRTAC-a müsahibəsində deyib: "Bu gün Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə ölkəmizin hər yerində anım mərasimləri keçirilir. Şəhidlərimiz anılır, dualar oxunur. Belə mərasimlərdən biri Kəlbəcər rayonunda bizim tarixən çox dəyərli məbədimiz olan Xudavəng monastırında Alban-Udi xristian dini icmasının üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir. Azərbaycan tolerant ölkədir. Burada bir çox dinlərin nümayəndələri mehriban yaşayırlar. Ölkəmizin hər bölgəsində müxtəlif dinlərin məbədləri var. İşğaldan azad edilən torpaqlarımızda da tarixən ölkəmizdə mövcud olan dinlərin məbədləri mövcuddur. Xudavəng məbədi də belə məbədlərdən biridir. Ölkəmizdə bu gün müsəlmanlar, xristianlar, yəhudilər və digər din mənsubları Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə anım mərasimləri keçirir, soyqırımı qurbanlarını anırlar. Alban-Udi icmasının üzvləri də bu gün Kəlbəcər rayonunda yerləşən Xudavəng məbədində anım mərasimi keçirirlər".

Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakarı: "Biz bu gün Xocalı soyqırımının 30-cu ildönümü qeyd edirik. Faciə zamanı 600-dan çox həmyerlimiz şəhid olub. Biz onların ruhuna şamlar yandırdıq, dualar oxuduq. Bizi yaradan Allaha dua etdik ki, Azərbaycan torpağında müharibə olmasın. Biz sülhsevər, qonaqpərvər xalqıq. Biz hamı ilə dostluq etməyə hazırıq".

AZƏRTAC