Kəlbəcər: əzəli və əbədi yurdumuz
Siyasət

Kəlbəcər: əzəli və əbədi yurdumuz

Bu yerlərə həyat yenidən qayıdır

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Ermənistan tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktı imzalamağa və bir güllə atılmadan bu əraziləri boşaltmağa məcbur etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayonun ərazisi faydalı qazıntılarla zəngindir. Burada qızıl, civə, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalı üçün gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, 4 mərmər oniksi nefroid yatağı, bir obsidian (dəvə gözü) yatağı, bir listvenit yatağı var. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq doğuran bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Ermənistanın işğalı nəticəsində rayonun 511 dinc sakini öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min kəlbəcərli respublikamızın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti olaraq məskunlaşıb. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".

Biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur. Kəlbəcər işğalçılardan azad edildikdən sonra Azərbaycan tərəfi buradakı bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədlərini bərpa etməklə həm də onun əsl milli kimliyini - alban tarixini də təqdim edəcək. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni "tarixçiləri" və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdirib, öz yazılarını oraya əlavə edərək bu kilsələri özününküləşdiriblər.

"Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib. Dövlət başçısı vurğulayıb ki, müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Əzəli yaşayış yerlərimizdə mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə investisiya yatırımları və digər sərmayələrin cəlb edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsinə start verilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bərpa ediləcəkdir. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcəkdir. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən Azərbaycanda istehlak olunacaq və ixrac ediləcəkdir. Kəlbəcər-Laçın zonası həm iqlim, relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var və bu şəhərin Baş planını ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana tikiləcək. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə həmçinin, aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi, tikilməkdə olan "Çıraq-1" kiçik su elektrik stansiyası, hazırda rayonda beş yerdə inşa edilən elektrik stansiyaları, avtomobil yolları, tunellərin tikinti işləri "Böyük Qayıdış"a hədəflənən addımlar sırasındadır.

Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı, xarici ölkələrdən turistlərin buraya cəlb edilməsinə də şərait yaradacaq.

Mustafa KAMAL,

"Respublika".