Keçmiş şöhrət bərpa olunur
Region

Keçmiş şöhrət bərpa olunur

Pambıqçılıq

Qarabağ iqtisadi rayonunda iri kənd təsərrüfatı məhsullarının istehsalçısı olan Ağcabədidə aqrar sahədə müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılır, dövlət qayğısı sayəsində fermerlər keyfiyyətli məhsul istehsalını artırırlar. Münbit torpaqları, əməksevər insanları, halal zəhmətlə ucalan və keçmiş şöhrəti bərpa edən fermerləri ilə tanınan rayonda yaxşı ənənələr yaranıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi rayonun aqrar həyatına böyük bir stimul verir.  Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı,  yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması,  əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıq və tövsiyələri rayonda uğurla icra olunur. Təsadüfi deyil ki,  ötən ilin nəticələrinə görə Ağcabədi rayonu pambıq istehsalında respublika üzrə ilk sıralardadır.

Bu barədə Ağcabədi rayonunda 2022-ci ildə pambıq yığımının yekunlarına həsr olunmuş yığıncaqda ətraflı məlumat verilib. Yığıncaqda rayon icra hakimiyyətinin,  aidiyyəti idarə,  müəssisə və təşkilatların rəhbərləri,  pambıq istehsalçıları,  fermerlər,  pambıqçılıq şirkətlərinin nümayəndələri,  kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov son illər pambıqçılığın inkişafının prioritet məsələ kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb. Rayon rəhbəri bildirib ki,  Ağcabədinin ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır.  2022-ci ildə respublikanın pambıqçılıq rayonları arasında ən çox məhsul istehsalçılarından biri də Ağcabədidir.

Ağcabədi Dövlət Aqrar İnformasiya Mərkəzinin direktoru Abbas Süleymanov çıxışında bildirib ki,  ötən təsərrüfat ilində  rayonda 11 min 838, 58 hektar sahədə çiyid səpini aparılıb,  sahələrdən 40 min 362, 43 ton məhsul toplanıb.  Hər hektardan orta məhsuldarlıq 34, 1 sentner təşkil edib ki,  bu da 2021-ci illə müqayisədə 3, 7 sentner çoxdur. Digər çıxış edənlər pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən,  2022-ci ildə çiyid səpini,  becərmə işləri,  suvarma suyu ilə təminat,  məhsul yığımı kimi məsələlərdən danışıblar.  Diqqətə çatdırılıb ki,  rayonun Ağabəyli,  Cəfərbəyli,  Hacıbədəlli,  Qaravəlli,  Xocavənd,  Təzəkənd,  Kürdlər,  Şahsevən,  Şahsevən-Təzəkənd və Kəbirli kəndlərindəki fermerlər və xüsusi mülkiyyətçilər hər hektar pambıq sahəsindən orta hesabla 40 sentner və daha çox məhsul əldə ediblər. 2023-cü ildə pambıq əkini üçün tədarükçü şirkətlər tərəfindən fermerlərlə müqavilələrin bağlanmasından,  erkən şum aparılmış sahələrdə qış aratının əhəmiyyətindən də danışılıb,  pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib,  əkin zamanı yaranan bəzi çətinliklər və həlli yolları,  qarşıda duran vəzifələr müzakirə edilib.

Salman ALIOĞLU,

“Respublika”.