Kartofçuluğun    inkişafı   ölkəmizdə  diqqət   mərkəzindədir  
İQTİSADİYYAT

Kartofçuluğun    inkişafı   ölkəmizdə  diqqət   mərkəzindədir  

Bu   gün  respublikanın kənd təsərrüfatında  önəmli   yer tutan, xüsusilə  əhalinin  ərzaq təminatında  müstəsna   rol oynayan kartofun ölkəmizdə becərilmə tarixi  çox  da  qədim deyil. Əsl  vətəni Cənubi Amerika olan kartof ölkəmizdə   XIX   əsrdən   etibarən əkilib   becərilir. Lakin artıq o özünü  Azərbaycanda   geniş yayılmış  bir kənd təsərrüfatı bitkisi kimi təsdiqləyib. Buna səbəb aclıq və müharibə illərində onun çörəyi əvəz    edə bilmək keyfiyyətidir. Kartof yumrularının tərkibində quru maddə, nişasta, həll olmuş sulu karbonlar, qlükoza və  s. vardır. Elə bu keyfiyyətlərinə   görə də insanlar onu çox vaxt  “ikinci çörək” adlandırırlar.

Kartofdan müxtəlif  xörəklər və salatlar hazırlanır. Təkcə  kartof    nişastasından 500- dən  çox  məhsul   istehsal  olunur. Xalq  təbabətində  də  müxtəlif   xəstəliklərin   müalicəsində    kartof   şirəsindən  geniş   istifadə  olunur. Məsələn, mədə   yarasında, tənəffüs orqanları, onikibarmaq bağırsaq xəstəliklərinin   müalicəsində və s.  Kartof  şirələri   dəridə  əmələ  gələn   ləkələri təmizləyir, ağardır, sifətə təravət, gözəllik  gətirir. Onun   Azərbaycanda    adambaşına   illik    istehlak  norması   50   kiloqramdır   ki,  bu   da  yüksək   rəqəmdir. Daha  doğrusu, taxıl   və   tərəvəz  məhsullarından   sonra   üçüncü   sıradadır.

  Dövlət   Statistika  Komitəsi   xəbər  verir   ki, ötən  il   ölkəmizdə  56  min   hektarda    əkilən kartof sahələrindən   1  milyon 31 min tondan artıq  məhsul istehsal olunub. Bu, hər hektardan 184 sentner   məhsul  deməkdir. Məhsuldarlıq əvvəlki   ildəkindən 10 sentner   çoxdur. Bəzi bölgələrdə (Ağstafa, Qazax, Şəmkir, Tovuz, Cəlilabad ) isə hər    hektardan 300  sentner   məhsul toplanır ki, bu da   inkişaf etmiş ölkələrin göstəricilərindən heç də geri   deyil.

Hər biri ayrı-ayrılıqda 180   min tona yaxın məhsul   istehsal edən Tovuz  və    Şəmkir rayonları bu sahədə    liderdirlər. 158 min tona   yaxın   məhsul   toplayan   Cəlilabad, 128   min   tona   yaxın  kartof tədarük  edən Gədəbəy rayonları sonrakı    yerləri bölüşürlər. Şərur, Ağstafa, Qazax, Qusar, Zaqatala, Sabirabad   rayonları da kartofçuluqda  önəmli göstəriciyə nail olublar.

Nəriman CAVADOV,

“Respublika”.