Karlos Rafael Faria Tortosa: Venesuela Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır
Siyasət

Karlos Rafael Faria Tortosa: Venesuela Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə onlayn formatda görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar. Nazirlər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər.

Nazir Ceyhun Bayramov iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, Venesuela və Azərbaycanın Qoşulmama Hərəkatı və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını qeyd edib. Həmçinin münasibətlərin inkişafı baxımından siyasi məsləhətləşmələr mexanizminin davam etməsinin önəmi səsləndirilib.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC