Kanada nümayəndə heyəti Gəncədə erməni terroru qurbanlarının xatirəsini anıb
Sosial həyat

Kanada nümayəndə heyəti Gəncədə erməni terroru qurbanlarının xatirəsini anıb

İyunun 4-də Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının idarə heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Kanada Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmayıl Vataneri və "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Gəncə şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.

Nümayəndə heyəti erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.

Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sonra qonaqlar "Gəncəsənət" - Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasını, Xan bağını və dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

AZƏRTAC