KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüş
Digər xəbərlər

KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüş

Türkiyənin nüfuzlu həmkarlar ittifaqlarından olan KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə görüş  keçirilib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, biri-birini hər zaman bütün müstəvilərdə ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. Onun sözlərinə görə, iki ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub, təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq əlaqələri daha da möhkəmlənib.

AHİK sədri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev prezident seçildikdən sonra da Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətini təşkil edib. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da dərinləşməsinə, xalqlarımızın yaxınlaşmasına səbəb olub.

S.Möhbalıyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə hakimiyyəti və xalqı bütün dünyaya Azərbaycanla həmrəy olduqlarını bir daha göstərdilər. Millət vəkili, həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətindən, Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən və bu prosesdə Türkiyə şirkətlərinin yaxından iştirakından söz açıb.

S.Möhbalıyev Ermənistanın bu il sentyabrın 13-də törətdiyi növbəti hərbi təxribata diqqət çəkərək bildirib ki, işğalçı ölkə hələ də sülh prosesində maraqlı görünmür, təcavüzkar əməllərə əl atmaqda davam edir. O, baş verən hərbi təxribatlara Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildiyini və son hərbi təxribatlar zamanı şəhid olan hərbçilərin övladlarının AHİK tərəfindən himayəyə götürülməsinin nəzərdə tutulduğunu da bildirib.

Konfederasiya sədri əlavə edib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələr gündən-günə güclənir, hərtərəfli təcrübə mübadilələri aparılır, əməkdaşlığa dair müxtəlif sənədlər imzalanır. O, iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkür edən KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya nümunə olduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər bütövlükdə Türk dünyasının parlaq qələbəsidir. O, Ermənistanın son zamanlar törətdiyi hərbi təxribatları qətiyyətlə pisləyərək bu cür hərəkətlərin münasibətlərin normallaşmasına mane olduğunu diqqətə çatdırıb. Ö.Kahveçi türkiyəlilərin bundan sonra da azərbaycanlılarla həmrəy olacaqlarını deyib. Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında əlaqələrdən danışan qonaq bu münasibətlərin günü-gündən inkişaf etdiyini, təşkil olunan qarşılıqlı səfərlərin, aparılan təcrübə mübadilələrinin əməkdaşlığın dərinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafına  gələcəkdə də səy göstəriləcək.

Görüşdə, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.