Kamran Əliyev: Ermənistan dövlətinə və bu ölkənin bəzi vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq
MÜSAHİBƏLƏR

Kamran Əliyev: Ermənistan dövlətinə və bu ölkənin bəzi vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq

Azərbaycana qarşı törətdiyi cinayətlərə görə Ermənistan dövlətinə və bu ölkənin konkret vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq. Biz bu sahədə türkiyəli həmkarlarımızla sıx əməkdaşlıq edir, fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, bu sahədə birgə əməkdaşlıq kifayət qədər faydalı olacaq.

Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev sentyabrın 1-də azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Hər iki Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılarla bağlı görülən işlər barədə məlumat verən Baş prokuror bildirib: “Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlılarla bağlı işlər davam edir və bu məsələ diqqət mərkəzindədir. İtkin düşən şəxslərdən 55 nəfər artıq müəyyən olunub. Bildiyiniz kimi, Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində və digər bölgələrdə məzarlar aşkar olunub. İkinci Qarabağ müharibəsindən isə 7 nəfər itkin düşmüş hesab edilir. Bu sahədə də işlərimiz davam edir. Bu məsələlərlə bağlı ölkə rəhbərliyi tərəfindən qarşımıza vəzifə qoyulub. Çalışacağıq ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı itkin düşən vətəndaşlarımız tapılaraq yaxınlarına, ailələrinə qaytarılsın. Bu məsələ ilə bağlı müxtəlif dövlət qurumları, bir sıra ölkələrlə əməkdaşlığı davam etdiririk”.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkədə səfərdədir. Səfərin məqsədi Ankarada Türkiyə Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati bina kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak etməkdir.

AZƏRTAC