Kamil Nəsibov
Sosial həyat

Kamil Nəsibov

Vətənimizin dilbər guşələrindən olan loğman təbiətli Laçının qəhrəman oğulları istər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində hər qarış torpaq uğrunda qeyrətlə vuruşmuş, bir kərə yüksələn bayrağımızın bir daha enməməsi üçün sinələrini düşmən gülləsinə sipər edərək əbədiyyətə qovuşmuşlar. Bu cəsur oğullarımız şəhid oldular ki, körpələrin gülüşləri dodaqlarında donmasın, daşnak quldurlar mənfur niyyətlərini həyata keçirə bilməsinlər.

Faşist xislətli ermənilərə qarşı mərdliklə vuruşanlardan biri də adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılan Kamil Balədə oğlu Nəsibovdur. Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində dünyaya göz açmışdır.

Məktəb illərində Kamil elmi biliklərə dərindən yiyələnmiş, idman oyunlarına böyük maraq göstərmiş, olimpiadalarda yüksək yerlərə layiq görülmüşdür.

Kamil Nəsibov 1963-cü ildə orta məktəbi bitirmiş və sonra hərbi xidmətə göndərilmişdir. O, üç ildən sonra ordu sıralarından tərxis olunaraq, doğma kəndlərinə qayıtmışdır.

90-cı illərin əvvəllərində Laçın rayonu Ermənistanla həmsərhəd olduğundan tez-tez hücumlara məruz qalırdı. Vətənimizin üzərini qara buludlar alanda Kamil Nəsibov 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradaraq ağır döyüşlərə qoşuldu, dəstəyə rəhbərliyi öz üzərinə götürdü. Yeni yaradılmış dəstə ermənilərin Gorus rayonunda yerləşən qərargahlarını yoxlamaq məqsədilə dəfələrlə kəşfiyyata çıxmış, əhəmiyyətli məlumatlar əldə etmişdilər. Cəsur döyüşçü Kamil Nəsibov Sadınlar, Cağazur, Mahbəy, Cicimli, Qızıldərə kəndlərinin müdafiəsində yaxından iştirak etmişdir. 811 saylı Laçın alayının komandiri təyin edilən Kamil rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarısı kəndlərinin erməni quldurlarından təmizlənməsində şəxsi igidlik göstərmişdir.

29 iyun 1992-ci ildə Laçının "Qonaqgörməz" yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Kamil yüksəkliyi əldən verməmək üçün öz tağımı ilə axşam qaranlığında hücuma keçdi. Azərbaycanın qəhrəman oğulları erməniləri məhv edib düşmənin hərbi texnikasını ələ keçirirdilər. Vuruşun qızğın çağında düşmənin snayperi cəsur komandiri yaraladı. Döyüşçü yoldaşları Kamil Nəsibovu döyüş meydanından çıxarmağa çalışsa da, o buna etiraz etdi. Son nəfəsinədək vuruşaraq şəhidlik zirvəsinə yüksəldi. Son mənzili Ağcabədi rayonundakı qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Doğulduğu kənddəki mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

Kamil Nəsibov şəhidlik zirvəsinə ucalmış, öz ölümü ilə ölümsüzlüyə qovuşmuşdur. İndi onun ruhu şaddır. 30 ilə yaxın düşmən tapdağında olan qədim Oğuz yurdu Laçın işğaldan azad olunub. Sıx meşəliklərlə, atlas geyimli dağlarla əhatə olunmuş Laçında bu gün abadlıq və quruculuq işləri vüsət alır.

Qədir ASLAN,

"Respublika".