Kahramanmaraşda
Türk dünyası

Kahramanmaraşda "Azərbaycan məhəlləsi" salınacaq

Ölkə başçımız cənab İlham Əliyevin Türkiyəyə qısamüddətli səfəri zamanı qardaş ölkənin zəlzələdən zərərçəkən bölgəsində həyata keçiriləcək mühüm bir layihənin icrasına başlanıb. Kahramanmaraşda 1000 evdən ibarət Azərbaycan məhəlləsinin salınması prosesinə başlanılması əsl həmrəylik nümunəsi kimi tarixə düşdü.

TEKNOFEST festivalı çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi 1000 ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin təməl qoyulma mərasiminin keçirilməsi Azərbaycanın növbəti "Qardaş köməyini" bütün dünyaya göstərmiş oldu. Qeyd edək ki, təhsil, səhiyyə, mədəni və digər sosial obyektləri ilə birlikdə inşa ediləcək məhəllənin bütün xərclərini Azərbaycan dövləti qarşılayacaq. Artıq ölkəmizin nümayəndə heyəti ərazidə "Azərbaycan məhəlləsi" üçün ayrılan yerlə tanış olaraq layihələndirmə işlərinə başlayıblar. Qardaş Türkiyə Kahramanmaraşdakı Heydər Əliyev parkının yanında məhəllənin tikintisi üçün 180 hektar sahə ayırıb. İki ölkə arasında ən yaxın strateji müttəfiqlik, qardaşlıq münasibətləri var. Azərbaycan Türkiyənin həm yaxşı, həm də çətin günlərində yanındadır. Bu gün qardaş Türkiyənin zəlzələ bölgəsinin yenidən qurulmasında dəstəyə ehtiyacı var və heç şübhəsiz, Azərbaycan da öz qardaş əlini uzadır və gələcəkdə də uzadacaq.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfərə çatıb, 80088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb oldu. Zəlzələ baş verən ilk gündən Azərbaycan zərərçəkənlərə yardım üçün tam səfərbər olundu. Zəlzələdən ötən 1 ay ərzində Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5300 tondan artıq humanitar yük göndərib. Eyni zamanda Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.

Azərbaycanın layihəni maliyyələşdirmək üçün yetərincə maliyyə mənbələri var ki, bu da görülən işin səmərəli olmasında xüsusi rol oynayacaq. Ölkəmizdə tikinti sektoru son illər ərzində yüksək inkişaf edib. Həmin məhəllənin qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilməsi Azərbaycanın tikinti şirkətlərinin potensialı daxilindədir. Azərbaycan bu addımı ilə bir daha sübut edir ki, etibarlı müttəfiq, qayğıkeş qardaşdır, müttəfiqini, qardaşını dar gündə qoymayacaq. Layihənin Türkiyədə olan Azərbaycan mənşəli tikinti şirkətlərinə həvalə olunması ehtimal edilir. Belə ki, 2022-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 350 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113 şirkət çoxdur. Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) verilən məlumata görə, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb. 2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 164,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 63,2 milyon lirə təşkil edib.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa və infrastrukturun yaradılması prosesi reallaşdırılır ki, bu çərçivədə qardaş Türkiyənin bölgəyə verəcəyi töhfələr artıq bildirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada birgə keçirilən mətbuat konfransında: "TOKİ ilə birlikdə burada atmağı planlaşdırdığımız addımlar var" ifadəsi Qarabağ bölgəsində qardaşlıq nümunəsini özündə birləşdirəcək. Cənab prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda TEKNOFEST festivalında iştirakı zamanı ölkə başçımız öz nitqində: "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi", - ifadəsini işlətməkdə müasir, tarixə söykənən və misli görünməmiş müttəfiqlik və qardaşlıq əlaqələrini bütün dünya bir daha göstərmiş oldu.

Töhfə SƏMƏDOVA,

"Respublika".