KABAR agentliyinin müxbiri: Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı üçün son zamanlar çox mühüm işlər görülüb
MÜSAHİBƏLƏR

KABAR agentliyinin müxbiri: Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı üçün son zamanlar çox mühüm işlər görülüb

Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir. İki ölkə arasında münasibətlər çox yaxşıdır. Son vaxtlar ölkələrimiz arasındakı əlaqələr daha da sıxlaşmağa başlayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qırğızıstanın KABAR milli xəbər agentliyinin müxbiri Kanatbek Coloçiev deyib.

Prezident İlham Əliyevin Qırğızıstana səfərindən danışan müxbir bildirib ki, son zamanlar iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. "Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının, həmçinin Heydər Əliyev adına məktəbin açılışı olub. Eyni zamanda, bu il Qırğız Respublikasının Prezidenti Sadır Japarov da Azərbaycana səfər edib. Ölkələrimiz təkcə ikitərəfli səviyyədə deyil, həmçinin Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq qurumlarda da həmrəydir. Əminəm ki, bu münasibətlər, həmrəylik getdikcə daha da güclənəcək", - deyə o qeyd edib.

Əbu-Dabidəki Qlobal Media Konqresi barədə fikirlərini bölüşən Kanatbek Coloçiev tədbirdə daha çox gənc media nümayəndələrinin iştirak etdiyini, iştirakçılar üçün təlimlərin, seminarların keçirildiyini bildirib. Qeyd edib ki, bu, gənc jurnalistlər üçün çox əhəmiyyətlidir.

AZƏRTAC