JURNALİSTLƏRİN İŞ STAJI ƏMƏK MÜQAVİLƏLƏRİ ƏSASINDA TƏYİN OLUNUR
Digər xəbərlər

JURNALİSTLƏRİN İŞ STAJI ƏMƏK MÜQAVİLƏLƏRİ ƏSASINDA TƏYİN OLUNUR

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində dayanan vətəndaş rifahının təminatı prinsipi mühüm rol oynayır. Sosial sferada ildən-ilə geniş miqyas alan köklü islahatlar, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar, əldə edilən böyük sosial uğurlar da bunu əyani təsdiq edir. Respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində, burada şəffaflığın artırılması, neqativ halların qarşısının qətiyyətlə alınması nöqteyi-nəzərdən son 20 ilə yaxın müddətdə böyük irəliləyişlərə nail olunub. Xüsusilə vurğulanmalıdır ki, respublikamız pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri Gürcüstan üzrə sıralamada ilk yerlərdə qərarlaşıb.

Ölkəmizin bütün sahələrində fəaliyyət göstərən insanlar bu istiqamətdə aparılan islahatlardan faydalanmaq imkanı əldə edir. Media subyektlərində çalışan həmkarlarımız da istisna deyil. Lakin müəyyən məsələlər var ki, bununla əlaqədar daha geniş ətraflı izahın verilməsi labüddür.

Məlum olduğu kimi, 2022-ci ilin oktyabrından başlayaraq kütləvi informasiya vasitələri, jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az elektron ünvanı vasitəsilə ASAN Logindən istifadə edərək öz müraciətlərini edirlər. Lakin sözügedən müraciət edən media əməkdaşlarıının kifayət qədər böyük bir hissəsi hesab edir ki, onların ştajı tam hesablanmır.

Məsələ burasındadır ki, elektron sistemdə əks olunan stajı üç ildən az müddət təşkil edirsə, fəaliyyəti dövrünə baxmaq üçün əmək kitabçasının notarial qaydada təsdiqlənməsi lazımdır. Qeyd olunmuş müddətdən daha çox stajın sözügedən sistemdə əks olunduğu təqdirdə isə notarial təsdiq tələb olunmayacaq. Belə bir vəziyyət yarana bilər ki, məlumatlar bazasında ötən illərin stajı əks olunmur. Belə olan halda da stajını sübut edən əmək kitabçasının mütləq şəkildə notarial qaydada təsdiqlənməsi vacibdir.

Bu kimi məsələlərlə bağlı müxtəlif media qurumlarında çalışan jurnalistlərin çoxsaylı müraciətləri sosial şəbəkələr vasitəsilə edilir. Həmin müraciətdə onlar gələcək dövrdə pensiya ilə bağlı meydana gələ biləcək problemlərlə əlaqədar öz narahatlıqlarını ifadə edirlər. Bununla yanaşı, sonrakı illərdə pensiya yaşına çatdıqda müəyyən problemli məsələlərlə üzləşə biləcəkləri onları qayğılandırır.

Bu mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan aydınlıq gətirmək məqsədilə bildirilib ki, jurnalistlərin stajı, digər sahələrdə çalışan vətəndaşlarımızın da olduğu kimi, əmək müqaviləsi əsasında fəaliyyət göstərdikləri dövr hesab edilir. Belə ki, əmək stajı ilə bağlı məlumatlar Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014- ildən qüvvədə olan "Əmək Məşğulluq" altsistemində öz əksini tapır. Qeyd olunmuş ildən əvvəlki stajı barədə məlumatlar isə hər bir kütləvi informasiya vasitəsi işçisində mövcud olan əmək kitabçasında əks olunur. Media Reyestri ilə əlaqədar qüvvədə olan tələblərdə məhz həmin faktor əsas olaraq qəbul edilir.

Nazirlikdən həmçinin bildirilib ki, qurum Medianın İnkişafı Agentliyi ilə məhsuldar əməkdaşlıq həyata keçirir, müvafiq məlumat bazaları informasiya sistemləri MEDİA-nın informasiya sisteminə inteqrasiya olunub hər iki tərəfin informasiya resursları, məlumatları müvafiq qaydada mübadilə edilir.

Jurnalistlərin gələcək dövrdə pensiya hüququ ilə bağlı yaranan suallara gəlincə Nazirlikdən bildirilib ki, bunun təmin olunması sığorta stajına əsasən həyata keçiriləcək. Yəni, 2006-ci ildən başlayaraq Azərbaycanda fərdi uçot sistemində sosial sığorta ödəmələri aparılır. Həmin ödəmələrin dövrləri, yəni sığorta stajı, habelə toplanmış pensiya kapitalı sistemdə əks olunur. Pensiya kapitalı həm əmək müqaviləsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, həm mülki müqavilə ilə öz fəaliyyətini həyata keçirən hər bir vətəndaşla əlaqədar ödənilən sığorta haqlarının toplanılması ilə əmələ gətirilir.

Göründüyü kimi, 2006- ildən ötən 16 ildən artıq bir müddətdə pensiya sisteminin avtomatlaşdırılması təmin olunub. Qanuni əsaslarla işləyən vətəndaşların fərdi uçotu müvafiq kod əsasında aparılır. Bu da fərdi pensiya təminatı sisteminin mütərəqqi əsaslarla fəaliyyət göstərməsinin başlıca şərtidir. Dövlət Sosial Müdafiə Fonduna ödənilən hər bir manat həmin kod ilə qeyd olunur. Bu isə o deməkdir ki, qeydiyyatın olmadığı təqdirdə hər hansı qaydada ödənişin aparılması mümkünsüzdür.

Bəzi hallarda işçi ilə rəsmi xidmət müqaviləsinin bağlanılması işəgötürən tərəfindən sadələşdirilmiş vergi ödəyicisi qismində həyata keçirilir. Lakin belə olan təqdirdə ödəmələrin aparılmasında heç bir problem yaranmır ödənilən vəsaitlər uçotdan kənarda qala bilməz. Yalnız texniki məsələlərin meydana çıxması ilə bağlı stajın qeydə alınmasına baxmayaraq, sistemdə görünməməsi halları ola bilər. Bu zaman jurnalistlər Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarına müraciət ünvanlaya, stajının yenidən hesablanmasını təmin edə bilərlər. Lakin bu, istisna hallarda baş verə bilər belə halların kütləviliyindən söhbət gedə bilməz.

Emin QASIMOV,

"Respublika".