Jurnalistlər Kəlbəcərdə mina partlayışının baş verdiyi ərazidə olublar
Digər xəbərlər

Jurnalistlər Kəlbəcərdə mina partlayışının baş verdiyi ərazidə olublar

Jurnalistlər Kəlbəcərdə mina partlayışının baş verdiyi əraziyə səfər ediblər.

AZƏRTAC-ın Kəlbəcərə ezam olunmuş müxbiri xəbər verir ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb. Belə ki, kənd ərazisində infrastruktur layihələrində çalışan 4 nəfər minaya düşərək xəsarət alıb. Onları təxliyə etmək üçün hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.

ANAMA-nın Göygöl regional mərkəzinin təlimatçısı Vasif Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, partlayışın baş verdiyi ərazi minalarla çirkləndirilib. Əraziyə baxış keçirilib, partlayış yerinin krateri yoxlanılıb, dəlillər götürülüb. İlkin ehtimala görə, tank əleyhinə TM 62M tipli mina partlayıb.

"Ərazidən götürdüyümüz dəlillər də həmin minanın hissələrinə bənzəyir. Bu mina təzyiqlə işə düşür, tərkibində 7,5 kiloqram partlayıcı maddə var. Ərazi hazırda mühafizə olunur", - deyə o əlavə edib.

Qeyd edək ki, torpaqlarımızın azad olunması ilə nəticələnən müharibə 2 il əvvəl başa çatsa da, həmin vaxtdan bəri 250-dən çox azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarətlər alıb.

Ermənilər işğal dövründə Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırıblar. Bu, Ermənistan dövlətinin Azərbaycan və azərbaycanlılara qarşı terror siyasətini açıq-aydın göstərir. Bu yaxınlarda təkcə Laçın rayonunda İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış 1400-dən çox mina aşkarlanaraq zərərsizləşdirilib.

Düşmənin işğal edilmiş ərazilərimizi 30 il ərzində mina və partlamamış sursatların "məzarlığı"na çevirməsi indi həmin torpaqlarda tikinti işlərinin sürətlə aparılmasına, eyni zamanda, kommunikasiya xətlərinin çəkilməsinə maneə yaradan əsas amildir. Ermənistan dövlətinin verdiyi mina xəritələri isə dəqiq deyil. Beləliklə, Ermənistanın azərbaycanlılara qarşı mina terroru bölgədə sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biridir. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu terror hərəkətlərinə təəssüf ki, adekvat cavab verilmir. Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq qurumlar tərəfindən araşdırılmalı, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməli və Ermənistan insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır.