IX Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib
İQTİSADİYYAT

IX Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib

Azərbaycan paytaxtında keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası "Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma" mövzusuna həsr olunub.

Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliottun moderatorluğu ilə keçirilən panel iclasında "hansı yanaşma ilə bombaları susdurub sülh üçün yol açmaq olar", "postmüharibə dövründə gələcək Ukraynanın yenidən qurulması necə təmin ediləcək", "müharibəni sülh sazişi ilə başa çatdırarkən necə əmin olmaq olar ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək", "kiberhücumlar daxil olmaqla, hibrid müharibənin yeni yollarını necə müəyyənləşdirmək mümkündür", "iqtisadi sanksiyaların cəbhə xəttində daha yaxşı təşkilinə ehtiyac varmı" kimi suallara cavablar axtarılıb.

İclasa onlayn qoşulan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Ukraynada baş verənlərlə bağlı məsələnin bugünkü IX Bakı Qlobal Forumunun gündəliyinə salınmasından məmnunluğunu bildirib. O, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın münaqişələrlə üzləşdiyini qeyd edib. Ukraynada baş verənlərin qlobal məsələ olduğunu söyləyən sabiq prezident münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko panel iclasına onlayn qoşularaq bildirib ki, ölkəsində baş verənlər bütün dünyada vəziyyəti dəyişib. Bu müharibə dünya nizamına çağırış, təhdiddir. Eyni zamanda, bu müharibə dünya nizamına xələl gətirir. O qeyd edib ki, dünyanın gələcəyi Ukraynada həll olunur. Əgər hamı həmrəy olsa, birləşsə, bu müharibə dayandırıla bilər.

Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko isə diqqətə çatdırıb ki, dünyanın təhlükəsizliyinə yeni bir baxış olmalıdır. Hazırkı problemlərin nəticələri gələcək nəsillərə də təsir edə bilər. "Biz azad, demokratik ölkədə, öz doğma dilimizdə, milli dəyərlərimizi, keçmişimizi qoruyaraq yaşamaq istəyirik", - deyə Katerina Yuşşenko əlavə edib.

Panel iclasında çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, diplomatiya münaqişələrin yeganə həll yolu olmalıdır. Bizim əsas prioritetimiz Ukraynada gedən müharibəni dayandırmaq, onun yayılmasının qarşısını almaq, milli dəyərləri müdafiə etmək, postmünaqişə dövrü və sülhdür. Hazırda sülh üçün əsas yaradılmalıdır.

Avropa Parlamentinin keçmiş üzvü, belçikalı siyasətçi Tom Vandenkendeler Ukraynada baş verənlərin hibrid müharibənin bariz nümunəsi olduğunu deyib, bunun həlli üçün addımların atılmasının vacibliyini qeyd edib. O, həmçinin Avropa Parlamentinin əvvəldən Ukraynadakı müharibə ilə bağlı aydın mövqe nümayiş etdirdiyini söyləyib.

Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili Ukraynada baş verənləri sivilizasiyalararası müharibə adlandırıb. Bildirib ki, Ukrayna-Rusiya müharibəsinin nəticəsi qarşıdakı onilliklərin necə olacağını, övladlarımızın gələcəyini müəyyənləşdirəcək.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxışında deyib ki, indi seçim etmək zamanıdır. Biz necə bir qlobal sistem istədiyimizlə bağlı qərar verməliyik və tarixin doğru tərəfində olmağı seçməliyik.

Çıxışlardan sonra "Sosial media, siyasət və XXI əsrdə müharibə" mövzusunda müzakirələr keçirilib.

***

Tədbir çərçivəsində keçirilən ikinci panel iclası "Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər" mövzusuna həsr edilib.

Belçika Krallığının sabiq Baş naziri İv Lötermin moderatorluq etdiyi paneldə BMT-nin 75 illik fəaliyyətində məhdudlaşmalardan sonra qlobal təhlükəsizliyin qurulması ilə bağlı vəzifənin öhdəsindən gəlməyin mümkünlüyü, qanunlara əsaslanmış çoxtərəflilik sisteminin konstruksiya edilməsi və bütün dünyada insan hüquqlarının təmin olunmasının yolları, kosmosun hərbiləşdirilməsi risklərinin azaldılması, regional təşkilatların rolu barədə müzakirələr aparılıb.

Dünyada baş verən münaqişə və müharibələrin insanlığa və iqtisadiyyata mənfi təsirlərindən danışan İ.Löterm beynəlxalq ictimaiyyəti narahat edən qlobal problemlərdən - COVID-19 pandemiyası, qarşıdurma, birtərəflilik məsələlərindən bəhs edib. Bildirib ki, bəşəriyyət bütün səylərini sülh və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir.

Qlobal dünya nizamının qorunmasının vacib məsələlərdən olduğunu qeyd edən Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin professoru, "Green Cross International"ın sabiq Prezidenti Aleksander Likhotal hazırda dünyanın gərgin dövr yaşadığını diqqətə çatdırıb. Deyib ki, Avropada münaqişələrin və müharibələrin baş verməsi ciddi narahatlıq doğurur. Bizi bir sual çox narahat edir - Üçüncü Dünya müharibəsi, yoxsa yeni dünya nizamı? BMT-nin öz işinin öhdəsindən gələ bilməməsi hər kəsə aydındır. UNESCO da daxil olmaqla, digər beynəlxalq təşkilatlar da passivlik göstərirlər. Bütün investisiyalar, cəhdlər bu problemlərin həllinə yönəldilməlidir.

Tədbirə onlayn qoşulan Çin Xalq Xarici İşlər İnstitutunun prezidenti Vanq Çao beynəlxalq ictimaiyyətin qarşısında böyük məsuliyyətin və ciddi vəzifələrin dayandığını diqqətə çatdırıb.

O vurğulayıb ki, Çin hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət edir və digərlərini də buna çağırır. BMT-nin prinsiplərinə etimadla yanaşılmasının vacibliyini qeyd edən V.Çao ölkələri birtərəfliliyə və "soyuq müharibə" qarşı çıxmağa, həmçinin qrup siyasəti ilə barışmaz olmağa çağırıb. "Biz həmrəylik göstərməliyik, bir olmalıyıq. Hazırkı gərgin dövrdə çoxtərəfliliyə həddindən çox böyük ehtiyac var", - deyə Vanq Çao qeyd edib.

Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal bildirib ki, qlobal təhlükəsizlik böyük problem kimi dünyanı ciddi narahat edir. İslahatların vaxtıdır. Artıq Qərb gözünü açıb hər şeyi görür. BMT-nin qətnamələri yerinə yetirilmir.

Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Turki Al Faysal qeyd edib ki, BMT-nin qətnamələri vetoya məruz qalmamalıdır.

Panel iclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təsisatlara, onların fəaliyyətinə çox inanırdı. Təəssüf ki, bu, belə olmadı. Azərbaycana hərbi təcavüz edildi və Ermənistan tərəfindən işğal nəticəsində ölkəmiz öz torpaqlarını itirdi. ATƏT-in, BMT-nin üzvü olduğu halda Azərbaycan işğala məruz qaldı. Heç bir təşkilat və qurum Ermənistanı təcavüzkar adlandırmadı. Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.

Hikmət Hacıyev bildirib ki, yalnız üç ölkə - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı Ermənistanla heç bir əlaqə qurmadı. Prezidentin köməkçisi vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməlidir. BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

H.Hacıyev Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə əsl nümunə göstərdiyini vurğulayıb.

Bakı Qlobal Forumunun açıq dialoq, fikir mübadiləsi üçün imkanlar yaradan platforma olduğunu bildirən Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili Forumda müzakirə edilən məsələlərin önəmini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ciddi səylər göstərir və biz hamımız bu istiqamətdə həmrəylik göstərməliyik.

Texnologiyanın inkişafından danışan İsrailin sabiq xarici işlər naziri Tzipi Livni insan hüquqlarının qorunması və mənafeyinin müdafiəsi istiqamətində mövcud problemlərdən bəhs edib. Onun sözlərinə görə, qlobal problemləri həll etmək üçün gözləmək, ümid etmək yox, əməli işlər görmək lazımdır.

***

IX Qlobal Bakı Forumunun ilk gününün sonuncu - üçüncü panel iclası "Enerji təhlükəsizliyinə cari təhlükələr: onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları" mövzusunda olub. İclasda "Yaxın müddətdə Rusiyanın neft və qazının alışını azaltmaq barədə planları nə dərəcədə həqiqətəuyğundur", "ABŞ, Avropa və inkişaf etmiş digər ölkələrdə enerji ilə bağlı hazırkı vəziyyətə qiymət və digər təsirlərin diqqət mərkəzində olduğu bir vaxtda yeni bazarlarda və digər inkişaf etməkdə olan ölkələrdə onun təsirləri nədən ibarətdir", "Neft/təbii qaz istehsal edən ölkələrin atdıqları addımlar nədən ibarətdir", "Sırf enerji idxalçısı olan ölkələrin gələcək addımları nə olmalıdır", "Qlobal karbon emissiyalarının azaldılması üçün zəruri olan bərpaolunan enerji, hidrogen və digər texnologiyalara keçidin nə kimi təsirləri var" kimi məsələlər ətrafında müzakirələr aparılıb.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən panel iclasına onlayn qoşulan "Google" şirkətinin vitse-prezidenti Vinton Serf mövcud problemlərin həllində biliklərin mübadiləsinin rolundan danışıb. O, planetin salamat qalması üçün optimal modellərə söykənilməsinin, təlatümlərin yumşaldılması istiqamətində addımlar atılmasının vacibliyini qeyd edib. V.Serf istixana qazlarının emissiyalarının, atmosferə atılan tullantıların azaldılmasına nail olmaqda və enerji tələbatının qarşılanmasında bərpaolunan enerji mənbələrinin rolunu xüsusi vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Rusiyanın Bolqarıstana təbii qaz ixracını dayandırması nəticəsində çətin vəziyyət yarandığını bildirib. O, belə şəraitdə Azərbaycan hökumətinin enerji resursları ilə yardım etdiyini qeyd edərək deyib: "Sadiq tərəfdaşımız olan Azərbaycana minnətdarlığımı bildirirəm. Azərbaycandan təbii qaz idxalını artırmaq niyyətindəyik".

Quldarlığın Müasir Formalarının aradan qaldırılması üzrə Qlobal Fondun Şura sədri, "ExxonMobil" şirkətinin prezidenti Cin Baderşnayder "yaşıl enerji"yə keçidə nail olmaqla geotermal, biokütlə, Günəş, külək enerjisindən istifadə etməklə iqlim dəyişmələrinə təsir göstərməyin mümkünlüyünü diqqətə çatdırıb. Deyib ki, dünya üzrə landşaft dəyişmələri çox sürətlə baş verir. Çox az sayda istehsalçı ölkə var ki, onlar nəzarəti saxlaya bilirlər. Bərpaolunan enerji mənbələrindən istifadə hər ölkədə mümkündür. "Yaşıl enerji"dən istifadə karbon emissiyalarının azaldılmasına töhfə verə bilər. Alternativ enerji mənbələrinin geniş tətbiqi, həmçinin enerji sektorunu dəyişdirəcək, enerji təhlükəsizliyini və enerji sisteminin dayanıqlılığını artıracaq.

Çex Respublikasının sabiq Prezidenti Vatslav Klaus enerji təhlükəsizliyi sahəsində baş verən təhlükələrin təəccüblü olmadığını deyib. Onun sözlərinə görə, enerji qiymətlərinin artımı Rusiya-Ukrayna münaqişəsindən əvvəl baş verib.

Maltanın sabiq Baş naziri Cozef Muskat Avropanın "yaşıl enerji"yə keçməyə çalışdığını deyib. Hazırda elektrik, hibrid avtomobillərin gündəlikdə olduğunu bildirən C.Muskat hidrogen mühərrikli avtomobillərə üstünlük verilməsinin tərəfdarı olduğunu qeyd edib.

Energetika nazirinin müavini Elnur Soltanov çıxışında vurğulayıb ki, ötən il Azərbaycanda 44 milyard kubmetr qaz hasil edilib. Bu il həmin rəqəmin 45 milyard kubmetrə çatdırılması planlaşdırılır. Ötən 5 ay ərzində 9,4 milyard kubmetr "mavi yanacaq" ixrac edilib. Təbii qaz ixracının artırılması üçün Azərbaycanda kifayət qədər potensial var.

Onun sözlərinə görə, Azərbaycan çox ciddi elektrik enerjisi ixracatçısıdır. Belə ki, ötən illə müqayisədə elektrik enerjisinin ixracı 45 faiz artıb.

Gələcəkdə Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Avropaya elektrik enerjisi ixracını həyata keçirə biləcəyini deyən nazir müavini Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu diqqətə çatdırıb.

Rumıniyanın Baş nazirinin sabiq müavini Ana Birçall Rusiya-Ukrayna müharibəsinin enerji balansının vacibliyini ön plana çıxardığını, enerji təchizatının idxaldan asılılığının mənfi təsirlərlə müşayiət edildiyini bildirib. A.Birçall diqqətə çatdırıb ki, enerji təhlükəsizliyinin dayanıqlılığı üçün enerji miksi təmin edilməli və hər bir ölkə öz balansını müəyyənləşdirməlidir. Enerji təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi enerji asılılığından müstəqilliyə doğru atılan addımlardır.

Rumıniya ilə Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirən Ana Birçall ölkəmizi sadiq tərəfdaş adlandırıb. Cənub Qaz Dəhlizinin strateji layihə olduğunu deyən Baş nazirin sabiq müavini Azərbaycana enerji sahəsində əməkdaşlığa görə minnətdarlığını bildirib.

"Regionun enerji təhlükəsizliyini təmin etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm", - deyə A.Birçall qeyd edib.

"Liberal Internasional"ın prezidenti Hakima El Haite 125 ölkənin Paris Sazişinə qoşulduğunu, lakin hələ də ciddi irəliləyişlərin olmadığını deyib. "Paris Sazişi yeniliklər gətirsə də, vətəndaş cəmiyyətləri prosesə qoşulsalar da, istehsalçılar həvəsləndirilsə də, tullantılar artmaqdadır. Çünki yanacağın istehsalına subsidiyalar qoymaqla onun artımına nail olduq. Baxmayaraq ki, texnologiyalar inkişaf etdi, bərpaolunan enerji texnologiyaları geniş vüsət aldı, hidrogen əsaslı texnologiyalar yayılmağa başladı - belə əsaslı dəyişikliklər olan bir vaxtda biz bu fürsətləri qaçırdıq. Hazırda Avropa İttifaqı bərpa olunan enerji mənbələri üzərində çalışır. İnanıram ki, "yaşıl enerji"yə tam keçidə nail olacağıq", - deyə o diqqətə çatdırıb.

Panel iclası müzakirələrlə davam edib.

Qeyd edək ki, "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Konfrans öz işini iyunun 18-də başa çatdıracaq.

AZƏRTAC