İtaliyalı senatorlar Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə növbəti dəfə diqqət çəkiblər
Siyasət

İtaliyalı senatorlar Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə növbəti dəfə diqqət çəkiblər

İtaliya Senatının "Yaşayan İtaliya" partiyasından olan üzvləri - Senatda parlament komissiyasının prezidenti, senator Mauro Maria Marino və xarici əlaqələr və emiqrasiya daimi komissiyasının vitse-prezidenti, senator Laura Qaravini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə İtaliyanın verə biləcəyi töhfə barədə bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinə rəsmi sorğu göndəriblər.

AZƏRTAC xəbər verir ki, sorğuda 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsinin sona çatdığı, Şuşa və Azərbaycanın erməni işğalı altında olan digər ərazilərinin azad edilməsi ilə münaqişənin bitdiyi, ölkəmizin BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq tanınmış əraziləri üzərində suverenliyini bərpa etdiyi vurğulanıb.

Sorğuda Azərbaycanın Ermənistana qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi materiallara istinad edilərək işğaldan azad olunmuş ərazilərin 75 faizinin işğal vaxtı Ermənistan tərəfindən minalandığı vurğulanıb, minaların hərbi postlardan kənar ərazilərdə - insanların sıx yaşadığı, kənd təsərrüfatı sahələrinin, eləcə də iqtisadi və sosial cəhətdən əhəmiyyətli torpaqlarda, habelə qəbiristanlıqların olduğu sahələrdə yerləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, münaqişədən sonrakı dövrdə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasının qarşısında duran əsas təcili məsələ həmin ərazilərin minalardan təmizlənməsidir.

Habelə sorğunun yekun hissəsində İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun 2020-ci ilin dekabrında ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərinə istinad edilib və bu xüsusda, həmin torpaqların minalardan təmizlənməsi ilə əlaqədar həyata keçirilən fəaliyyətə İtaliyanın verə biləcəyi töhfənin konkretləşdirilməsi, bu töhfənin hansı ikitərəfli və ya çoxtərəfli mexanizmlər, eləcə də diplomatik kanallar vasitəsilə yerinə yetirilməsi sual edilib.

AZƏRTAC