İtaliya saytı ermənilərin işğal dövründə xarabalığa çevirdikləri Ağdam şəhərindən yazıb
Diaspora

İtaliya saytı ermənilərin işğal dövründə xarabalığa çevirdikləri Ağdam şəhərindən yazıb

İtaliyanın "Il Giornale" qəzetinin "Insideover" analitik-informasiya portalında baş redaktor Matteo Karnielettonun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını qələmə aldığı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən Gəncəyə və Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşən italiyalı jurnalist bildirir: "Gəncədə dağılmış evləri sanki gözətçi kimi qoruyan uşaq burada müharibənin, dolayısı ilə ölümün həyatın ilk günlərindən sadiq yol yoldaşı olduğunu insana xatırladır. Şəhərin mərkəzində yerləşən memorial kompleksin içərisində tamamilə dağılmış üç ev var. Həmin evlər 2020-ci il müharibəsi zamanı oktyabrın əvvəlində Ermənistandan atılan "Toçka-U", "Smerç" və "Skad" raketləri ilə vurulub. Bu hücumların onlarla qurbanı olub. Onların arasında qadınlar və uşaqlar da var. Həlak olanların şəkilləri evlərinin qarşısında böyük lövhəyə vurulub. Sanki əbədi olaraq buraya nəzarət edəcəklər. Bu gün memorial kompleksə daxil olan hər kəs artıq orada olmayan, hər yerdə və istənilən vaxt hər kəsi vura biləcək müharibənin qəddarlığının rəmzi kimi həmin insanların rəsmlərdəki baxışları ilə qarşılaşır".

Ağdama səfəri zamanı şəhərin küçələrinin hər küncündə münaqişənin ağır yaralarını müşahidə etdiyini vurğulayan Matteo Karnieletto yazır: "Həlak olan əsgərlərin şəkilləri... Onların bəziləri çox gənc, 2001-ci il təvəllüdlüdür. Ağdamda - "Qafqazın Xirosiması"nda müharibə hər şeyi məhv edib. Hələ 1993-cü ilin iyulunda şəhərdə ağır döyüşlər olub. Döyüş əməliyyatları başa çatdıqdan sonra isə erməni qüvvələri heç kimin geri qayıtmaması üçün evləri yandırıb və ya partladıblar. Heç bir əsər-əlamət qalmasın deyə Azərbaycan əsilli sakinlər oradan qovulub. Şəhər təxminən otuz ildən - 2020-ci ildəki müharibədən sonra Azərbaycanın nəzarətinə keçib".

İtaliyalı jurnalist fikirlərini davam etdirərək bildirir: "Ağdam şəhərinə daxil olarkən bizi kabus kimi bir yer qarşılayır. Evlər dağıdılıb, onlardan heç əsər-əlamət də qalmayıb. Ərazidə minatəmizləmə əməliyyatları davam etdirilir. İndiyədək 7 mindən çox minanın zərərsizləşdirildiyi bildirilir. Şəhərə getmək üçün piyada yolları istisna olmaqla, dar cığırla hərəkət edirdik. Görünür ki, minatəmizləmə əməliyyatları uzun müddət çəkəcək. Çünki burada partlamamış hərbi sursatlar çoxdur".

Ermənistana qarşı müharibədə həlak olanların məzarlarına baş çəkdiyini deyən Matteo Karnieletto qeyd edir ki, şəhid olanların çoxu iyirmi yaşlarındadır. O bildirir ki, erməni işğalı zamanı onların məzarları qazılıb və meyitləri oğurlanıb. 2020-ci ildə Azərbaycan bu əraziləri işğaldan azad etdikdən sonra onların ailə üzvləri çoxunun məzarda olmayan cəsədləri axtarmaq üçün geri qayıdıblar. Məzarların üzərinə xatirə şəkli, bayraq və güllər qoyublar. Ərazidə insanların dəfn edildiyini göstərən çoxlu çuxurlar var.

Məqaləsində Ağdamda bərpa və yenidənqurma işlərinin aparıldığını vurğulayan italiyalı jurnalist qeyd edir: "Ağdamda yavaş-yavaş yeni tikililər peyda olur. Burada ən mühüm mədəni və dini obyektlər bərpa edilir. Minarələri uzun müddət ermənilər tərəfindən gözətçi qülləsi kimi istifadə edilən, onilliklər boyu tövlə kimi istifadə olunan məscid bunlardan biridir. O, 1868-1870-ci illər arasında tikilib və hazırda Heydər Əliyev Fondu tərəfindən təmir edilir. Ağdama həyatın bərpası cəhdlərinə baxmayaraq, görünən odur ki, normal vəziyyətə qayıtmaq hələ uzaqdadır".

AZƏRTAC