İtaliya mətbuatında erməni tərəfinin dezinformasiyalarına cavab verilib
Siyasət

İtaliya mətbuatında erməni tərəfinin dezinformasiyalarına cavab verilib

Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın son hərbi təxribatları ilə bağlı erməni tərəfinin sifarişi ilə İtaliya mətbuatında dərc olunan və yerli ictimaiyyəti aldatmaq məqsədi daşıyan dezinformasiya xarakterli yazılara münasibətdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli tərəfindən cavab verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri İtaliyanın "Tempi" qəzetinin redaksiyasına göndərdiyi məktubunda həmin qəzetdə italyan jurnalist Leone Grittonun erməni tərəfinin dezinformasiyasını təşviq edən məqaləsinə cavab verib. M.Əhmədzadənin həmin qəzetdə dərc olunmuş cavab məktubunda noyabrın 16-da və ondan bir neçə gün öncə baş vermiş erməni təxribatları barədə oxuculara geniş məlumat verilib. Ermənistanın bu təxribatlarının Azərbaycanın həyata keçirdiyi tədbirlər nəticəsində uğursuzluğa düçar olduğunu qeyd edən diplomat insan tələfatı ilə nəticələnən hərbi qarşıdurmaya görə məsuliyyətin tamamilə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Səfir məktubunda habelə sərhəddəki hərbi avantüraya paralel olaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığı barədə də danışıb. Azərbaycanın oxşar insidentlərin təkrarlanmaması üçün Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması mövqeyindən çıxış etdiyini vurğulayan diplomat Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu bəyan etdiyini, lakin Ermənistanın müxtəlif bəhanələrlə və sərhəddə qarşıdurmaları qızışdırmaqla bundan yayınmağa çalışdığını qeyd edib.

Məktubunda Azərbaycan tərəfinin mövqeyinin aydın və birmənalı olduğunu bildirən M.Əhmədzadə əlavə edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinə son qoyduğunu, "münaqişə" məsələsini gündəmdə saxlamaq, "qlobal həll yolu"nun vacibliyini vurğulamaq əslində Ermənistanın revanşist iddialarına və bu ölkənin əsassız siyasi illüziyalarını davam etdirməsinə xidmət edir.

Diplomat habelə 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan, bir milyon azərbaycanlını öz yurd-yuvasından didərgin salaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edən, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan kimi bir ölkənin dezinformasiyasına hələ də mətbuatda yer verilməsinin anlaşılmaz olduğunu qeyd edib. Ötən ilin payızında Vətən müharibəsi zamanı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən müvafiq qətnamələrini icra edərək öz ərazilərini işğaldan azad etdiyini, həmin ərazilərdə dramatik bir mənzərənin şahidi olduğumuzu və bu ərazilərimizin təxminən 30 illik işğal zamanı Ermənistanın sistemli dağıntılarına məruz qaldığını xatırladılıb. Bundan əlavə, diplomat bildirib ki, Ermənistan işğal illərində bu ərazilərə çoxlu sayda mina yerləşdirib ki, onların partlaması münaqişənin bitməsindən bu günə qədər yüzlərlə qurbana səbəb olub. Diplomat həm ərazilərin dağıdılması, həm də mina problemi səbəbindən məcburi köçkünlərin azad olunmuş ərazilərdə öz evlərinə qayıtmasının mümkün olmadığını, Azərbaycanın öz resursları hesabına və tərəfdaş ölkələrin, o cümlədən İtaliyanın şirkətlərinin cəlb edilməsi ilə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini deyib.

Səfir, həmçinin Azərbaycanın Ermənistan tərəfinə suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsini imzalamağı, habelə bütün kommunikasiya yollarının açılmasını təklif etdiyini, ağır iqtisadi və sosial çətinliklər içində boğulan Ermənistanın bu vəziyyətdən faydalana biləcəyini, lakin Ermənistan hələ də bu təkliflərə cavab vermədiyini vurğulayıb.

Ermənistanın dövlət səviyyəsində apardığı siyasətə görə monoetnik ölkəyə çevrildiyini deyən diplomat Azərbaycanın isə müxtəlif dinlərin dinc yanaşı yaşadığı multikultural ölkə olduğunu və ölkəmizdə mövcud olan müxtəlif konfessiyalara məxsus çoxsaylı dini abidələrin, o cümlədən sinaqoqların, pravoslav, katolik, evangelist kilsələrinin və Bakının mərkəzindəki erməni kilsəsinin bunun sübutu olduğunu vurğulayıb.

İtaliyanın "İnterris" analitik-xəbər portalında isə Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli həmin portalda dərc olunmuş məktubu ilə erməni əsilli tədqiqatçı Qriqor Qzaryanın məqaləsinə cavab verib. D.Pommier məktubunda ilk öncə Azərbaycanın başqasına məxsus əraziləri ələ keçirmək niyyətində olmadığını, 44 günlük Vətən müharibəsi zamanı bütün əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində aparıldığını vurğulayıb. O bildirib ki, erməni əsilli tədqiqatçının "Artsax respublikası" kimi təqdim etdiyi separatçı qurum beynəlxalq hüquqa görə qeyri-qanunidir. Bu xüsusda o, yalnız Qarabağın deyil, Ermənistanın işğal etdiyi digər ərazilərin də Azərbaycana məxsus olduğunun bütün dünya tərəfindən tanındığını diqqətə çatdırıb. Müəllif siyasi-hüquqi cəhətdən paradoksal olsa da hətta Ermənistanın belə o ərazilər üzərində Azərbaycandan başqa heç bir suverenliyi tanımadığını bildirib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün tam şəkildə hüquqa uyğun hərəkət etdiyini qeyd edib.

Professor yazısında erməni müəllifin Azərbaycanın işğal olunmuş 7 rayonunun "bufer zona" adlandırmasına münasibətdə deyib ki, tarixən erməni mövcudluğu olmayan həmin ərazilərdə hər zaman azərbaycanlılar yaşamış və azərbaycanlılar həmin ərazilərdən 1992-1994-cü illərdə ermənilər tərəfindən zorakılıqla qovulmuşlar və onların oradan qovulması XX əsrin etnik təmizlənməsi hesab edilir. Həmin illərdə bir milyona yaxın azərbaycanlının evlərini və əşyalarını itirdiyini qeyd edən D.Pommier onların öz evlərinə qayıtmağa haqqının olduğunu vurğulayıb. Professor yazısında erməni müəllifin Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli sazişi pozmaqda ittiham etdiyini lakin elə həmin müəllifin sazişin bəndlərindən biri olan Azərbaycanla Naxçıvan arasındakı dəhlizin tikintisini pisləməsini paradoksal hal kimi qiymətləndirib.

Son olaraq D.Pommier erməni müəllifin "cihadistlər, neoosmanlılar və soyqırımı" kimi iddialarına münasibətdə isə bunların hamısının erməni təbliğatının məhsulu olduğunu diqqətə çatdırıb. Azərbaycanlıların müsəlman olduğunu, eyni zamanda, bütün müsəlman Şərqində ən dünyəviləşmiş xalqlardan biri olduğunu xatırladan italyan tədqiqatçı Azərbaycanda yüksək səviyyədə dini birgəyaşayışın mövcudluğundan bəhs edib. Bu xüsusda, professor Azərbaycanla cihadçılıq və ya İŞİD arasında əlaqəni düşünməyin belə reallıqdan kənar bir fantaziya olduğunu, ermənilərin neoosmanlılıq ittihamlarının və ya "soyqırımı" üçün üzr istənilməlidir kimi istəklərinin isə xəyalpərəstlik olduğunu deyib.

AZƏRTAC