İstiqlal və demokratik dəyərlər uğrunda mübarizə aparan ictimai xadim
Tarixi şəxsiyyətlər

İstiqlal və demokratik dəyərlər uğrunda mübarizə aparan ictimai xadim

Şərqdə ilk parlamentli və demokratik dövlət quruluşu kimi tarixə yazılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, təşəkkül tapmasında böyük xidmətləri olmuş, milli hökumətimizin ilk rəhbəri Fətəli xan Xoyski 1875-ci il dekabr ayının 7-də Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Rusiya imperiyasının general leytenantı olan İskəndər xan Xoyskinin ailəsində dünyaya gələn Fətəli orta təhsilini Gəncə (o vaxtkı Yelizavetpol) gimnaziyasında aldıqdan sonra Moskva Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir. 1897-ci ildə ali təhsilini 1-ci dərəcəli diplom ilə başa vurduqdan sonra həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunur.

1897-1907-ci illərdə Kutaisi, Zuqdidi və Suxumi, Yelizavetpol, Yekaterinodar dairə məhkəmələrində işlədikdən sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiyanın II Dövlət Dumasına müstəqil millət vəkili seçilir. O, millət vəkili kimi çıxış etdiyi iclaslarda çar hökumətinin Zaqafqaziyada, eyni zamanda Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətinə qarşı çıxmış, dumanın müsəlman fraksiyasına daxil olmuşdur. Müsəlman fraksiyasının büro üzvü və Konstitusiya Demokratik Partiyasının üzvü olan Fətəli xan Xoyski Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha fəal surətdə mübarizəyə qoşulmuş, xalqının azadlığı və istiqlaliyyəti uğrunda milli azadlıq hərəkatının liderlərindən olmuşdur. Bakıda çağırılan 1-ci Qafqaz müsəlmanları qurultayında iştirak edən Fətəli xan Xoyski, eyni zamanda Moskvada keçirilən 1-ci Ümumrusiya Müsəlman qurultayında Ümumrusiya Müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü olur. Müsavat partiyasının 1-ci qurultayında iştirak edərək Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyir. O, 1917-ci ilin oktyabr ayından 1918-ci ilin aprel ayınadək Bakı Şəhər Dumasına rəhbərlik edərək Zaqafqaziya komissarlığı nəzdində xalq maarif komissarı seçilmiş, Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunmuşdur.

 1918-ci il may ayının 27-də keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən Zaqafqaziya seyminin buraxılmasından sonra yaranmış vəziyyəti müzakirə etmək üçün çağırılan iclasda Cənubi Qafqazın şərq ərazilərini idarə etmək üçün Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası və Şuranın 9 nəfərdən ibarət icraçı orqanı yaradıldı. Respublikada müxtəlif sahələr üzrə işləri həyata keçirən icraiyyə orqanına isə Fətəli xan Xoyski sədr seçildi. Onun sədrliyi ilə Milli Şuranın ilk iclasında Zaqafqaziya Seyminin buraxılması, Gürcüstanın öz müstəqilliyini elan etməsi və Azərbaycanda mövcud vəziyyət müzakirə edildi. İki nəfər bitərəf qalmaqla Fətəli xan Xoyski ilə birlikdə Şura 24 səslə Azərbaycanın müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi və İstiqlal Bəyannaməsi imzaladı. Fətəli xan Xoyski hökumət başçısı və daxili işlər naziri vəzifəsinə təyin olundu.

1918-ci il may ayının 30-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram vasitəsilə bəyanat göndərdi. Bəyanatda deyilirdi: "Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumət müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir". İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.

Azərbaycan Milli Şurası və I müvəqqəti Hökumət Tiflisdə 18 gündən sonra - 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Milli Şura buraxıldıqdan sonra hakimiyyət Xoyskinin rəhbərliyi ilə təşkil edilən hökumətə təhvil verildi. 17 iyun 1918-ci il tarixli qərara əsasən Fətəli xan Xoyskinin təqdim etdiyi II kabinetin tərkibində F.Xoyski Nazirlər Şurasının sədri və ədliyyə naziri vəzifəsinə təsdiq edildi. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə yaradılmış II Müvəqqəti Hökumətin əsas vəzifəsi Bakını ələ keçirmiş eser-menşevik-daşnaklardan təmizləmək idi.

1918-ci dekabr ayının 7-də Fətəli xan Xoyski Azərbaycan Respublikası Parlamentinin ilk iclasında çıxış edərək hökumətin öz səlahiyyətlərini yerə qoyduğunu və bütün hakimiyyəti parlamentə təhvil verdiyini bəyan edir. III hökumətdə də Fətəli xan Xoyski Nazirlər Sovetinin sədri və xarici işlər naziri vəzifələrinə təsdiq edilir. Parlamentin həmin iclasında Fətəli xan Xoyski ölkənin daxili işlərindəki vəziyyətə də toxunur: "Daxili işlərimizdə çox nöqsanlar vardır. Heç bir hökumət olmaz ki, onun belə nöqsanları olmasın, hökumət özü yaxşı bilir ki, bu, daxiliyyə işlərinin başında duran adamlardan asılıdır. O adamlar gərək yaxşı adamlar, millətpərəst adamlar olsun... Fəqət, millət nümayəndələri bilsin ki, bu cəmaət işidir, millət və vətən işidir. Bundan boyun qaçırmaq olmaz... Hökumət özünü borclu bilir ki, Rusiya inqilabından alınmış bütün hürriyyətləri - hürriyyəti-vicdan, kəlam, məkan və sairə hürriyyətləri müdafiə eləsin. Bu işlərdə hökumət yalnız iş görə bilməz. Millət özü hökumətə kömək etməlidir. Onu da bilirik ki, hökumət tərəfindən bu hürriyyətlər verilsin, bu ixtiyarı verməlidir. Bu hürriyyət imtiyazları verilməz isə dövlət işləri düz getməz".

 Fətəli xan Xoyskinin istefasından sonra parlamentin 17 mart 1919-cu il tarixli 24-cü iclasında yeni hökumətin təşkili Nəsib bəy Yusifbəyova tapşırılır və 1919-cu il dekabrın 22-də isə N.Yusifbəyovun başçılığı ilə Azərbaycanın yeni, V hökumətinin tərkibində F.X.Xoyski xarici işlər naziri vəzifəsinə təsdiq edilir. Lakin XI Qırmızı Ordunun Bakını işğalı nəticəsində 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Tiflisə mühacirət edən Fətəli xan Xoyski erməni terrorçusu tərəfindən qətlə yetirilir.

Azərbaycan xalqının milli azadlığı və istiqlalı uğrunda mübarizədə yaxından iştirak etmiş tarixi şəxsiyyətlərdən biri olan Fətəli xan Xoyskinin dövlətimiz, dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətləri olmuşdur. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdur. Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycanın pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət dövründə həyata keçirilməyə başlanmışdır.

Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyski milli dövlətçilik ənənələrimizin bərpasında əvəzsiz xidməti ilə adını dövlətimizin müstəqillik tarixinə əbədi yazmışdır.

Mehparə ƏLİYEVA,

"Respublika".