İstehsal artırılır
Region

İstehsal artırılır

Dörd ilə yaxındır ki,  Sabirabad rayonunun Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabriki fəaliyyət göstərir.

Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi, xüsusilə ixracyönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş əti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Buna nail olmaq üçün daha çox investorun cəlb edilməsi barədə Prezident İlham Əliyevin yerli icra strukturları qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Sabirabad rayonunun Nizami kəndində quşçuluq müəssisəsi yaradılıb.

Müəssisə dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıqla təchiz edilib.  “Sabirabad Quşçuluq” MMC tərəfindən yaradılmış müasir əmtəəlik yumurta və quş əti istehsalı fabriki “Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsidir.

 1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriki olan “Hacıqabul Quşçuluq”  fabrikinin ərazisində 10 ferma binası, hər birinin tutumu 2,5 min ton olan 6 silos və gücü saatda 5 ton olan yem zavodu tikilib. Yumurta istehsalı üzrə ixtisaslaşmış müəssisədə keçən il 300 milyon ədəd yumurta istehsal olunmuş, onun 4,6 milyonu xarici ölkələrə ixrac edilmişdir. Bu il fabrikdə 303 milyon ədəd yumurta istehsalı nəzərdə tutulur.

Yeni fabrikdə isə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğu istehsal olunur. İstehsal olunan əmtəəlik yumurta və quş əti “Sabirabad Quşçuluq” brendi ilə istehlakçılara təqdim edilir. Hazırda fabrikdə 150 nəfər daimi iş yeri ilə təmin olunmuşdur.

    Tofiq HÜSEYN,

     “Respublika”.