İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mediatorlar üçün təlimlər keçirilir
İQTİSADİYYAT

İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mediatorlar üçün təlimlər keçirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar mübahisəli məsələlərin həllinə dair maarifləndirmə kurslarının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılışda çıxış edən Dövlət Xidmətinin rəis müavini, rəisi vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bu cür təlimlərin əhəmiyyətindən danışaraq, Xidmətin mediatorların peşəkarlığının artırılması istiqamətində Mediasiya Şurası ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacib olduğunu, daim bu istiqamətdə dəstək göstəriləcəyini bildirib. Qeyd edib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri keyfiyyət infrastrukturunun qurulmasından başlayaraq istehlak bazarında rəqabətin təmin olunmasınadək geniş spektri əhatə etməklə nəticədə istehlakçı məmnuniyyətinin təmin edilməsinə yönəlib. O, Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətiz və insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarından qorunması istiqamətində həyata keçirilən müxtəlif nəzarət tədbirləri barədə məlumat verib. Əlavə edib ki, 2021-ci ilin 11 ayı ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı Dövlət Xidmətinə 4500-ə yaxın müraciət daxil olub. Bu müddətdə müraciətlərin müsbət həlli nəticəsində istehlakçıların 330 min manatdan artıq məbləğində tələbləri təmin edilib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" ilə qarşıda duran vəzifələrdən biri də ölkəmizdə mediasiya institutunun yaradılması üzrə tədbirlərin davam etdirilməsi, o cümlədən bu fəaliyyəti tənzimləyən normativ bazanın formalaşdırılmasının, beynəlxalq təşkilatların dəstəyi ilə pilot qaydada tətbiqinin və əhalinin bu sahədə maarifləndirilməsinin təşkil edilməsidir. Bunun nəticəsində 2019-cu il martın 29-da "Mediasiya haqqında qanun" qəbul edilib. Lakin pandemiya şəraiti ilə əlaqədar qanunun qüvvəyə minmə müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb. Mediasiya Şurasının 2020-ci il 3 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi qeydiyyatdan keçərək Mediasiya Şurasının üzvlüyünə qəbul edilib və Azərbaycanda ilk dəfə mediatorların ilkin hazırlıq kursları baş tutub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na uyğun olaraq, bu günədək 5 təlim, 28 qrup olmaqla, ümumilikdə 420 nəfər Ədliyyə Akademiyası tərəfindən distant formada mediatorların ilkin hazırlıq kursuna cəlb edilib. Təlimlərin yekununda Ədliyyə Akademiyası tərəfindən formalaşdırılan Komissiya tərəfindən distant formada kursun yekun imtahanları keçirilib. İmtahanlarda uğur qazanmış ümumilikdə 354 nəfər sertifikata layiq görülüb. Hazırda sertifikata layiq görülən mediatorlardan 236 nəfər Mediasiya Şurasının üzvüdür.

Mediasiya Şurasının idarə heyətinin sədri Nadir Adilov çıxışında Şuranın fəaliyyəti və yeniliklər barədə danışıb, eləcə də statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Strateji Yol xəritələri kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirir və üç əsas hədəf müəyyənləşdirilib. "Mediasiya haqqında" qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Fərman imzalanıb. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanına və "Mediasiya haqqında" qanuna uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və ötən il fevralın 12-də Mediasiya Şurası təsis edilib. Mediasiya Şurasına bu günədək daxil olan ümumi müraciətlərin sayı 12 min 585 olub. Qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edildiyi üçün qeydiyyata alınmış və mediatorlar arasında bölünmüş ümumi müraciətlərin sayı 9552, qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qəbul edilməmiş ümumi müraciətlər sayı 3033 təşkil edib. Qəbul edilən və mediatorlar arasında bölünən müraciətlərin sayı ailə mübahisəsi üzrə 8515, kommersiya mübahisəsi üzrə 740 olub. Həmçinin əmək mübahisəsi üzrə 297 müraciət qeydə alınıb.

Mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edəcək təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri və bütövlükdə istehlakçı hüquqları prizmasından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri barədə Xidmətin sahə mütəxəssisləri tərəfindən təlim iştirakçılarına ətraflı məlumat veriləcək. Təlimi uğurla bitirən mediatorlara xüsusi sertifikatlar təqdim olunacaq.

Tədbirin sonunda Dövlət Xidməti ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC