İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı başa çatıb
Türk dünyası

İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı başa çatıb

Azərbaycanın dəstəyi və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iyulun 9-da təşkil olunan sonuncu paneli “Qlobal istiləşmə və iqlim dəyişikliyi” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, müasir dövrün zəkalı insanları platformasında Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül, Albaniyanın sabiq Prezidenti Buyar Nişani, Bosniya və Herseqovina Federasiyasının Prezidenti Marinko Cavara, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü Mladen İvaniç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq prezidentləri İvo Yosipoviç və Stefan Mesiç, Şimali Makedoniyanın sabiq Prezidenti George İvanov, Çexiyanın sabiq Prezidenti Vatslav Klaus, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Moldovanın sabiq Prezidenti Petru Luçinskinin çıxışları dinlənilib.

İyulun 9-da üç panelin keçirilməsi ilə XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı başa çatıb.

Qeyd edək ki, iki gün davam edən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanla bağlı, eləcə də 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış rəşadətli Qələbədən sonra regionda yaranmış yeni münasibətlər sferasına, əməkdaşlığa dair strateji imkanlar barədə məsələlər müzakirə edilib.

Qırx bir ölkəni təmsil edən çıxışçıların qatıldığı müzakirələrdə Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti, eləcə də Zəngəzur dəhlizinin açılması prosesi, işğalçı Ermənistanın bölgədə törətdiyi ekoloji terror və hazırda davam edən bu bəşəri cinayəti regionda yaratdığı genişmiqyaslı təhlükələrdən bəhs olunub.

Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün hər zaman geniş tribuna statusunda olan Avrasiya İqtisadi Zirvə Toplantısı XXIV görüşü ilə də bu istiqamətdə faydalı və səmərəli olub.

AZƏRTAC