İstanbul: Nuru Paşanın məzarı ziyarət olunub
Sosial həyat

İstanbul: Nuru Paşanın məzarı ziyarət olunub

1918-ci il sentyabrın 15-də Bakının erməni daşnakları və bolşeviklərin işğalından azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdən biridir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid versə də, qarşıya qoyduğu missiyanı uğurla başa çatdırdı.  Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti  öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi.  Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu.

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu. Babalarımızın miras qoyduğu bu qardaşlıq köməyi,  sonrakı illər ərzində də bir millət, iki dövlətin taleyində zaman-zaman öz təzahürünü tapdı.  

Bu gün ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərir. Tarixi 103 il əvvələ, bəlkə də əsrlərin dərinliyinə gedib çıxan  qardaşlığımız hər birimiz üçün qürur mənbəyi, güvənc yerimiz olaraq qalacaq və illər keçdikcə daha da möhkəmlənəcək.   

Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü  ildönümü münasibətilə Türkiyədə də anım mərasimləri keçirilib. İstanbulun Edirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onunla birlikdə döyüşən 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Nuru Paşanın abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən İSTAD-ın sədri Səfər Karakoyunlu Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Türkiyə, Azərbaycan və bütün türk dünyası üçün böyük şəxsiyyət, Türkiyənin silah sənayesinin qurucusu olduğunu bildirib. Bakının və Azərbaycanın bir çox bölgəsinin erməni işğalından azad olunmasında böyük rol oynayan Nuru Paşanın və əsgərlərinin dərin ehtiramla anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu vurğulayan S.Karakoyunlu onun qələbədəki tarixi rolundan danışıb, Türkiyədən Azərbaycanadək uzanan qəhrəmanlıq yolundan bəhs edib. O, 1918-ci ildə Bakının azad edilməsini tarixin ən böyük zəfərlərindən biri adlandırıb.

Ümumiyyətlə, XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilən bütün faciələrin Azərbaycan torpaqlarının zəbti, etnik təmizləmə və zorakılıqla müşayiət olunduğunu xatırladan S.Karakoyunlu Azərbaycanın 44 gün davam edən və hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində düşmənə lazımi cavabın verildiyini bildirib: “Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə apardığı işğalçılıq siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə həyata keçirilən Vətən müharibəsi zamanı darmadağın edildi. Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən ermənilər bir çox yalan və provokasiyaya əl atsalar da, sonunda həqiqətlə üzləşməli oldular. Tarix boyu baş verən bütün çətinliklərdə olduğu kimi, bu müharibədə də Türkiyə daima Azərbaycanın yanında oldu və sonsuza qədər də olacaq ”.

Sonra dərnək sədri Azərbaycanda Nuru Paşanın adının əbədiləşdirilməsi, Bakıdakı Türk Şəhidliyində abidəsinin ucaldılması və adının küçələrdən birinə verilməsi xahişilə Azərbaycan hökumətinə müraciət edib.

Mərasimdə digər çıxış edənlər  aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını,  Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacağını bildiriblər . Tədbirdə hər iki ölkədən olan ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Esmira Yazkan ASLANOVA,

“Respublika”qəzetinin Türkiyə üzrə müxbiri.