İstanbul: Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilib
Diaspora

İstanbul: Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilib

Ədəbiyyatımızda mənzum faciənin banisi olan Hüseyn Cavid, Azərbaycanın  ictimai fikir tarixində silinməz iz qoyan ədiblərdəndir. Prezident İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, ölməz sənətkarın 1982-ci ildə 100 illiyinin keçirilməsi haqqında ulu öndər Heydər Əliyevin Sərəncamından sonra ən mühüm addımlardan biri kimi qiymətləndirilir.

Hüseyn Cavidin 140 illiyi ilə bağlı tək Azərbaycanda deyil, Türkiyədə də silsilə tədbirlər və simpoziumlar keçirilir. Bu simpoziumlardan biri də  İstanbul Universitetinin ədəbiyyat fakültəsində təşkil olunub. Tədbir  Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Simpoziumun rəsmi açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva,  Azərbaycanın bir çox sahələrdə olduğu kimi, ədəbiyyatı ilə də dünyada tanındığını qeyd edib. Hüseyn Cavid yaradıcılığı haqqında danışan Baş konsul, şairin əsərlərində insan faktorunun, türklük və milliyyətçiliyin əsas yer tutduğunu bildirib. Baş konsul, milli dəyərlərimizin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində türk şairlərinin daima çiyin-çiyinə hərəkət etdiklərini vurğulayıb.

Tədbir iştirakçılarını salamlayan İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal bu ali təhsil müəssisəsinin ədəbiyyat fakültəsinin türklük, xüsusilə də Azərbaycanla bağlı saysız tədbirlərə imza atdığını vurğulayıb. Hüseyn Cavid kimi şair və yazıçıların türk dünyasının birliyi, qardaşlığı uğrunda xidmətlərinə toxunan professor, şairin Vətəni olan Naxçıvanı türk dünyasını birləşdirən bir yol olmaqla yanaşı, həm də bu birlik üçün çalışan böyük işlər görən dahi şəxsiyyətlər yetişdirdiyini deyib. Prorektor Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər körpülərdən biri olduğunu qeyd edib.

İstanbul Universitetinin ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Develinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəlinin ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı, ədibin əsərləri və türk dünyası üçün gördüyü əvəzsiz xidmətlərini özündə əks etdirən məruzələri dinlənilib.

“Cavidin gəlişi, gedişi və dönüşləri” mövzusundakı məruzəsində akademik  Rafael Hüseynov deyib: “Dədəmiz Qorqud insanın dünyadakı hərəkət marşrutunu dəqiq nişan verərək “Gəlimli-gedimli dünya” dedi, hər kəsin qaçılmaz aqibətini düşünərək “Son ucu ölümlü dünya” söylədi. Ancaq gəlimli dünyanın gedimsiz olması nəticəsində ölüm dayanan həyatın ölümsüz və olumlu olmasının da saysız sübutları var. Bu sübutlardan biri də bugünkü gündür. Hüseyn Rasizadə, bir azərbaycanlı gənc buradan, İstanbul Universitetindən düz 110 il əvvəl ayrıldı. Bu gün artıq başqa əsrdə, başqa minillikdə buraya o vaxt gəldiyi kimi, tələbə Hüseyn Rasizadə olaraq deyil, müəllimləri də öyrədə bilən Cavid kimi qayıdır”.

Yazıçının illərlə səhnəyə həsrət qalan pyeslərinin yenidən səhnələşdirildiyini, onun yenə məktəblərə, dərslərə qayıtdığını, əvvəlkindən də artıq öyrənilib sevilməyə başladığını vurğulayan natiq deyib: “Gün yetişdi, Vətəndən uzaqlarda, Sibir buzlaqlarına gömülmüş cəsədi də 59 illik ömür sürmüş şairin 100 yaşının tamamında Azərbaycana geri döndü. Əvvəlcə 1937-ci ilin 4 iyun gecəsində ayrıldığı Bakıdakı evinə qayıtdı. Sonrakı dönüşü isə uşaqlığının, ilk gəncliyinin keçdiyi doğma Naxçıvanına idi. Elə bugünkü gün də Cavidin növbəti dönüşüdür. 1906-cı ilin payızında gəldiyi İstanbul Universitetinə 2022-ci ilin payızında, ilk gəlişindən 116 il sonrakı və yəqin ki hələ bundan sonra dəfələrlə təkrarı olacaq dönüşü”.

Məruzələrdə bəzi insanların həyata hər kəs kimi gəlsələr də, hər kəs kimi getmədikləri, Hüseyn Cavidin də belə şəxsiyyətlərdən biri olduğu qeyd edilib. Bildirilib ki, üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu gün də Hüseyn Cavidin əsərlərinin oxunması, sevilməsi və şairin öyrənilməsi bunun ən böyük sübutudur. Hüseyn Cavid kimi insanlar üçün dünya gəlimli-gedimli deyil, belə şəxsiyyətlər əbədi yaşayırlar.

Ədibin həyatının bəzi məqamlarına xüsusi toxunulan çıxışlarda şairin İstanbul Universitetində təhsil aldığı illər haqqında danışılıb. Qeyd edilib ki, Hüseyn Cavidin erməni əsilli hakimin qarşısına çıxarıldıqda İstanbul Universitetində təhsil aldığı müəllimləri ilə bağlı verdiyi tam və dəqiq məlumat onun universitet illərinin öyrənilməsinə işıq tutub.

Sonra Hüseyn Cavidin xatirəsinə həsr edilən qısametrajlı bədii film nümayiş olunub. Mərasimdə Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova və azərbaycanlı aktrisa Nigar Bahadırqızı şairin şeirlərini səsləndiriblər. Xalq artisti Əlixan Səmədov və Türkiyədə yaşayan həmvətənimiz Elgün Quliyevin ifasında Azərbaycan musiqiləri dinlənilib.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.