İspandilli mətbuat Azərbaycan Prezidentinin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini geniş işıqlandırır
Digər xəbərlər

İspandilli mətbuat Azərbaycan Prezidentinin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini geniş işıqlandırır

Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi ispandilli KİV-lərin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, İspaniyanın EFE informasiya agentliyi, İsveçrənin ictimai teleradio yayım korporasiyası beynəlxalq onlayn-platformasının (SRG SSR) ispandilli SWI swissinfo.ch versiyası, aparıcı xəbər portalları (eldiario.es, timepost.es, spain.shafaqna.com, andaluciainformacion.es) Prezident İlham Əliyevin müsahibəsi haqqında materiallar dərc edib, müsahibədən sitatlar gətiriblər.

"İlham Əliyev Ermənistan ilə sülh sazişi üzərində işləməyə hazırdır", "Azərbaycan Avropaya qaz tədarükü həcmini artırmağa hazırdır" sərlövhəli məqalələrdə oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra Ermənistan ilə "normal münasibətlər yaratmaq" və "sülh sazişi üzərində işləmək" üçün Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masası arxasında əyləşməyə hazır olduğunu bildirib.

Azərbaycan dövlətinin başçısı EFE agentliyinə müsahibəsində deyib: "Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq".

EFE agentliyi yazır ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağ ətrafında aparılmış müharibədə qalib gəlmiş ölkə olan Azərbaycanın Prezidenti Azərbaycan tərəfin bu təşəbbüslərini dəfələrlə xatırlatmasını, lakin təəssüf ki, hələlik Ermənistandan müsbət cavab almadığını bildirib.

İspandilli mətbuatda qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı müharibənin başa çatmasını və tarixin bu fəslinin bağlandığını, buna görə də Ermənistanın siyasi dairələri arasında hələ də eşidilən qisas və ya işğaldan azad edilən ərazilərin qaytarılması planları barədə bəyanatlara yer olmadığını vurğulayıb. Məqalələrdə Azərbaycan Prezidentinin müsahibəsindən bu sözlər sitat gətirilir: "Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik".

İspan mətbuatı yazır ki, Azərbaycan gələn il Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya əlavə qaz tədarük edilməsi barədə danışıqlar aparmağa hazırdır.

Prezident İlham Əliyev deyib: "Biz təbii qazımızı Avropaya ixrac etməyə 2020-ci il dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq".

 AZƏRTAC