İsmayıllı: Toxum sərgi-satış yarmarkaları məhsul istehsalının artımına hədəflənib
Region

İsmayıllı: Toxum sərgi-satış yarmarkaları məhsul istehsalının artımına hədəflənib

Respublikamızda digər sahələrlə yanaşı, ərzaq məhsullarının istehsalı üçün də münbit bir şərait yaradılıb. Ölkə başçısı tərəfindən təsdiq olunan kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Davamlı olaraq hər il fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların birgə təşkilatçılığı ilə rayonda təşkil olunan toxum sərgi-satış yarmarkasında bu barədə ətraflı danışıldı.  Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkət və fermer nümayəndələrinin iştirak etdiyi tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahmud Süleymanov,  nazirliyin mühüm qurumlarından olan Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və başqaları görülən işlərə toxunublar.

Qeyd olunub ki, İsmayıllıda təşkil edilən sayca 2-ci yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada yerli fermerlərlə yanaşı, digər rayonlardan olan fermer və toxumçular da təmsil olunur.

Bu il Nikitin adına İvanovka kolxozunda yüksək məhsuldarlığın əldə olunduğu vurğulanıb. Kolxozda (xatırladaq ki, burada torpaq islahatı həyata keçirilməyib) 2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında 4215 hektar sahədə taxıl əkilib və hər hektardan məsuldarlıq 50.5 sentner təşkil edib. Bu isə kolxoz yarandığı gündən bəri əldə olunmuş ən yüksək göstəricidir.

Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

M.NƏRİMANOĞLU,

“Respublika”.