İsmayıllı: Yol-abadlıq firavanlıq və iqtisadiyyatdır
Region

İsmayıllı: Yol-abadlıq firavanlıq və iqtisadiyyatdır

Yəqin ki, çox eşitmisiniz bu ifadələri və şahidi olmusunuz ki, hər bir ünvanın abadlığı da, mədəniyyəti də onun yolundan başlanır. Əgər bu vacib sosial məsələ öz həllini tapıbsa, orada iqtisadiyyat da yaxşı olur, əhalinin rahatlığı və firavanlığı da tələblərə cavab verir. Qeyd edək ki, son on-on beş ildə respublikamızda bu istiqamətdə çoxlu sayda layihələr həyata keçirilmiş, istər respublika, istərsə də yerli əhəmiyyətli yeni yolların tikilməsi, mövcud olanlarının əsaslı təmir olunması təmin edilmişdir. İsmayıllı rayonunun timsalında bunu aydın görürük. Ötən ilin söhbətidir. Rayonun ağsaqqallarından biri ilə bu barədəki söhbətimizdə bu sözləri eşitmişdim: İsmayıllı bu sahəyə rəhbərlik edən mütəxəssislər sarıdan yarıyıb. Yollarımız gündən-günə abadlaşır, ən əsası da asfaltlanır.

Rayondan növbəti dəfə bu mövzuya müraciət edəndə ağsaqqalın söhbətini xatırladım. Doğrudan da belədir. İsmayıllının yol xidmətinə baxan qurumun rəhbərləri də, mütəxəssisləri, yol salanlar da öz peşələrinin bilicisidirlər. Ona görə də burada həmin istiqamətdə işlər rəvan gedir. Bu təəssürratlarımızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İsmayıllıdakı 9 nömrəli Yol İstismarı MMC-nin direktoru Rəşad Kərimovla bölüşərkən o da özünə xas təvazökarlıqla - dövlətimizin bu sahədə olan sosial strategiyasının uğurlu icrası bizim bir nömrəli işimizdir - dedi. Sözünün davamında aşağıdakıları söylədi:

- Bax, bu amillərin önəmli yer tutmasının, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət proqramlarında bu sahə üzrə nəzərdə tutulan vəzifələrin yüksək məsuliyyətlə icrasının nəticəsidir ki, bu gün balansımızda olan dövlət və yerli əhəmiyyətli yolların, demək olar, çox böyük hissəsində tam rahatlıq təmin olunmuşdur.

Sonra direktor masanın üstündəki qovluqda olan sənədləri nəzərdən keçirə-keçirə yol tikintisi və təmiri ilə bağlı bildirdi ki, sözügedən idarənin balansında 86 kilometr respublika, 308 kilometr yerli əhəmiyyətli yollar var. Bundan başqa, onlar ümumi sahəsi 926 metr olan 29 ədəd körpüyə və yol qurğusuna xidmət edirlər. Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rəşad Kərimov söhbətində xüsusi vurğuladı ki, bir yandan arana, bir yandan əzəmətli dağlara sığınan İsmayıllıda bu sosial məsələ bir də ona görə daim gündəmdədir ki, bu rayon ölkəmizin ən səfalı, dəyərli turizm ünvanlarındandır. Dünyanın, elə respublikamızın müxtəlif guşələrindən bura gələn turistlərin hərəkət etdikləri yollar da standartlara cavab verməlidir. Bir sözlə, qəsəbə və kəndləri abad olan İsmayıllının yollarının da abadlığı rayon icra hakimiyyətindən başlamış müvafiq qurumun, elə bütün İsmayıllılıların əsas işidir.

Diqqət və qayğını əks etdirən bəzi konkret faktlara nəzər salmaq yerinə düşər. Cəmiyyət rəhbərinin dediklərindən:

- Ötən il və bu ilin keçən dövründə Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, eyni zamanda, kənd və qəsəbələrimizə, ayrı-ayrı ünvanlarımıza gedən yollarımızda xeyli cari təmir işləri aparılmışdır. Həmin yolların hərəkət hissələrində, çiyinlərində bir sıra təmir işləri aparılmaqla, genişləndirmə işləri görülmüşdür. Bir çox hissələrdə yol nişanları yenilənmiş, təmir edilmiş, çala-çuxurlar düzəldilmişdir.

Yerli əhəmiyyətli yollarda da təmir, yenidənqurma işləri rəvan gedir. Keçən il və bu ilin indiyə kimi olan dövründə rayonun Qurbanəfəndi-Yenikənd-Şükürçü, Şəbiyan-Bilistan, Tircan-Sərdahar avtomobil yollarının çınqıl örtüyü təmir olunmuşdur. Tircan-Sərdahar yolunda müxtəlif diametrli suötürücü borular və onların başlıqları tikilmişdir. Həmin yola qalınlığı normal qaydada olan 29550 kvadratmetr asfalt-beton örtük döşənmiş, yol nişanları qoyulmuşdur. Bir sözlə, yol tam təmir olunub kənd sakinlərinin istifadəsinə verilmişdir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2020-2021-ci illərdə 11 kəndi birləşdirən 25 kilometrlik Basqal-Qıcatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə başlanmışdır. Yolun torpaq yatağı yenidən işlənmiş, bərkidilmə işləri aparılmış, çoxlu sayda dəmir- beton, suötürücü borular, su keçidləri, 4 ədəd dəmir-beton körpü tikilmişdir. Sel sularından qorumaq üçün 900 metrə yaxın dəmir-beton bənd qurulmuşdur. Təmir işləri indi də davam edir.

Bu cür ürəkaçan göstəricilər çoxdur. Təkcə bir ümumi faktı xatırladaq ki,  son dörd ildə İsmayıllıdakı yerli əhəmiyyətli yolların 62 faizində asfaltlama aparılıb. Əlbəttə, yol çəkilişinin, eyni zamanda, asfaltlanma işinin o qədər də asan başa gəlmədiyinin iqtisadi təhlilinə varsaq, onda İsmayıllı yol çəkənlərinin fəaliyyətlərinin nə qədər səmərəli və məhsuldar olduğunu aydın görərik.

Rayon mərkəzindən bir qədər aralıda ünvanlanan Pirəbülqasım kəndinə kimi Muğanlı-İsmayıllı magistralından ayrılan 5 kilometrlik yolun narahatlığı barədə kənd sakinləri tərəfindən edilən müraciətlər də artıq rayon rəhbərliyinin dəstəyi və 9 nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin əzmkarlığı sayəsində öz müsbət həllini tapmışdır. Bu sözləri də Cəmiyyətin direktoru dedi və birlikdə həmin iş yerinə gedəcəyimizi bildirdi. Həmsöhbətim bu yola 7170 kvadratmetr asfalt-beton örtük vurulduğunu da qeyd etdi və bütün bu kimi təmir işlərinin yerinə yetirilməsində yol çəkənlərdən Məsud Məmmədovun, Kamran Alıyevin, Ağa Əhmədovun, Əlqəmə Hüseynovun, Seymur Ələsgərovun, Təhmasib Yarışovun və başqalarının layiqli əməyinin olduğunu bildirdi. Həmsöhbətlərimdən aldığım xoş təəssüratların davamını kənddə yolboyu ayrı-ayrı adamlarla söhbətlərimizdən də eşitdim. Onların bəzilərini oxucularla bölüşmək yerinə düşər.

Ağasən Bədəlzadə - təqaüdçü:  Ömrümüzün ahıllıq çağını keçiririk. Lap keçmişindən ata- babalarımızın arzusu olub, yolumuzun indiki kimi rahatlığı. Amma bizlərə və gələcək nəsillərə qismət oldu. İllər uzunu ürəklərdə, ancaq istək kimi qalan bu arzumuza qovuşduğumuza görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə böyük minnətdarlığımızı çatdırırıq. Müəllimlərdən Sahib Xələfov, Hikmət Sadıqov isə fikirlərini belə ifadə etdilər:

- Rayonumuzda aparılan belə quruculuq, tikinti-abadlıq işlərindən qürurlanırıq. Çünki yol abadlıq, firavanlıq və iqtisadiyyatdır.

Rasim AMANOV,

“Respublika”.