İsmayıllı: Lahıc qəsəbəsində “Kənd turizmi” yaradılır
Region

İsmayıllı: Lahıc qəsəbəsində “Kənd turizmi” yaradılır

Lahıc qəsəbəsində “Kənd turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün  tikilmiş 3 ədəd kottec açılıb.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Tədbirdə vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələrdə “Kənd turizmi” inkişaf etdiriləcək.

Qəsəbə sakinləri ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olanlara minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki,  görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib. Layihənin davamı olaraq tikilən kotteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər də görüləcək.

Rasim AMANOV,

“Respublika”.