İsmayıllı: Dünənin uğurları, sabahın arzuları
Region

İsmayıllı: Dünənin uğurları, sabahın arzuları

- Dünənki və bugünkü uğurlarımızla qürurlandığımız kimi sabahın arzularının fərəhli nəticələri barədə də indidən düşünməyi, lazımi tədbirlər görməyi də unutmamalıyıq, - deyən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev bizi öz söhbəti ilə rayonda təhsilin inkişafı istiqamətində qiyabi səyahətə apardı.

- Zəngin pedaqoji ənənələri olan İsmayıllı təhsili ağır pandemiya şəraitinə baxmayaraq, bu tədris ilində də böyük nailiyyətlərə imza atıb. 2020-2021-ci tədris ilində rayonda 76 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. 12354 şagirdin təlim-tərbiyəsi ilə 1500-dən artıq müəllim məşğul olmuşdur. Tədris ili ərzində rayonumuzun məktəbliləri beynəlxalq, respublika və zona yarışlarında çoxsaylı uğurlara imza ataraq müxtəlif diplom, medal və sertifikatlara layiq görülmüşlər. Respublika fənn olimpiadalarında final mərhələyə çatan 4 şagird qalib adını qazanmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsində Təzəkənd tam orta məktəbinin şagirdi Fidan Ələkbərliyə respublika üzrə ikinci yeri tutduğuna görə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyə təqdim edilmişdir.

Vəng tam orta məktəbinin şagirdi Rəvan Qasımov "Bacarıqlı əllər" layihəsi üzrə Amerikanın xüsusi Assosiasiyalar mükafatına layiq görülmüşdür. "Nizami Gəncəvi" ili çərçivəsində Azərbaycan Mərkəzi Bankının məktəblilər arasında keçirdiyi "N.Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa və rəsm müsabiqəsində iki şagirdimiz mükafata layiq yer tutmuşdur. 1 nömrəli tam orta məktəbin şagirdləri Jalə Nemətli və Nərgiz Nemətli Bakı Anadolu Türk Liseyinin təşkil etdiyi "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir yarışmasında yüzlərlə iştirakçı arasında II və III yerə layiq görülmüşlər. Respublika üzrə keçirilən "Biz zəfər qazandıq" adlı respublika onlayn sərgi-müsabiqəsində, "Qarabağ uşaqların gözü ilə" respublika videoçarx müsabiqəsində və digər müsabiqələrdə rayonumuzun məktəbliləri həmişəki kimi uğurlu nəticələr qazanmışlar. Bir faktı da qeyd edim ki, İsmayıllı məktəbləri və müəllimlər fərdi və ümumi kateqoriyalar üzrə 2020-2021-ci tədris ilində qrant müsabiqəsinin qalibi olmuşlar. Bu cür ürəkaçan faktlar məktəblərdə təlim-tərbiyə işlərinin lazımi səviyyədə qurulmasının, əvvəlki onilliklər ərzində yaradılan etibarlı bünövrənin daha da möhkəmləndirilməsinin bəhrəsi kimi. dəyərləndirilməlidir. Hər il olduğu kimi yola saldığımız tədris ilində də İsmayıllı məktəblərinin məzunları ali və orta ixtisas məktəblərinə qəbulda respublika üzrə yüksək nəticə göstəriblər.

Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanımın Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində İsmayıllı rayonunda da böyük addımlar atılır. Dövlət qayğısı nəticəsində rayonda məktəblər əsaslı təmir olunur, yeni məktəb binaları inşa edilir.

- Böyük Qələbənin qazanılmasında öz payı olan doğma İsmayıllımızın igid övladlarına və onların ailələrinə göstərilən dövlət qayğısını da xüsusi qeyd etməliyik. İsmayıllı rayonunun rəhbərliyi daim böyük ehtiram hissi ilə şəhid və döyüşçü ailələrinin yanında olur, onların məişət qayğılarını qarşılamağa, onlara mənəvi dəstək olmağa çalışır.

İsmayıllı Rayon Təhsil Şöbəsi və Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi döyüşlərdə iştirak etmiş təhsil işçilərinə, onların ailələrinə kömək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Ümumtəhsil məktəblərində onlarla qazi, müharibə iştirakçısı texniki işlə təmin edilib.

Rayonumuzun təhsil işçiləri gələcəkdə də qalib ölkənin layiqli vətəndaşını yetişdirmək işində səy və bacarıqlarını əsirgəməyəcəklər. İsmayıllıda təhsilin yüksək səviyyədə təşkilində, uğurların qazanılmasında rəhbərliklə ictimai qurumlar arasında işbirliyinin düzgün qurulmasının da rolu çoxdur. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rayon Komitəsinin təhsil şöbəsi və bütövlükdə rayonun təhsil işçiləri ilə birgə fəaliyyəti çox önəmlidir. Yerlərdə müxtəlif müsabiqələrin təşkilində, qaliblərin mükafatlandırılmasında adıçəkilən ictimai təşkilat köməyini əsirgəmir.

Söhbətimizdən bir daha aydın oldu ki, İsmayıllıda təhsildə dünənin və bugünün uğurları, sabahın arzularının reallaşacağına tam əminlik yaradır.

Rasim AMANOV,

"Respublika".