İslam ölkələrinin mediası Azərbaycana informasiya dəstəyi göstərməkdə davam edəcək
Siyasət

İslam ölkələrinin mediası Azərbaycana informasiya dəstəyi göstərməkdə davam edəcək

Ərəb ölkələrinin ölkəmizdə səfərdə olan bir qrup media nümayəndəsi ilə AZƏRTAC-da görüş keçirilib

İslam ölkələrinin mediası Vətən müharibəsində Azərbaycanın Zəfərinə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi barbarlığa, hazırda həmin ərazilərin bərpası istiqamətində başlanan genişmiqyaslı quruculuq işlərinin işıqlandırılmasına xüsusi həssaslıqla yanaşır.

Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə ərəb ölkələrinin Azərbaycanda səfərdə olan bir qrup media nümayəndəsinin görüşündə səsləndirilib.

AZƏRTAC-ın ərəb ölkələrinin bir çox media qurumları ilə sıx əməkdaşlıq etdiyini deyən Aslan Aslanov bildirib ki, müharibə günlərində onlar Azərbaycanın haqq işi barədə obyektiv məlumatlar yayaraq geniş informasiya dəstəyi göstəriblər. "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində böyük Qələbə qazandı. O dövrdə informasiya sahəsində də ciddi işlər görülürdü. AZƏRTAC məhz tərəfdaş agentliklərin və media qurumlarının dəstəyi ilə müharibə və erməni işğalçılarının barbarlığı barədə obyektiv məlumatları dünyaya çatdırırdı. Agentliyimiz İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvü olaraq bu təşkilatda birləşən bir çox KİV ilə yaxından əməkdaşlıq edir", - deyə o bildirib. Qeyd olunub ki, AZƏRTAC ilə UNA həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fəal məsləhətləşmələr aparır.

"Azərbaycanın Vətən müharibəsində Qələbəsi bizi də çox sevindirir", - deyən iraqlı professor Mutəzz Muhy Əbdülhəmid diqqətə çatdırıb ki, Qarabağ məsələsinin işıqlandırılması üçün İraq mətbuatında çoxsaylı məqalələrlə çıxış edib və həmin mövzuda bir neçə kitabı dərc olunub. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyini, orada Ermənistan tərəfindən törədilən dağıntıların miqyasından dəhşətə gəldiyini, hazırda bu yerlərə həyatın yenidən qayıtmağa başlamasının onu çox sevindirdiyini və bütün bunları qələmə alacağını bildirib.

Misirin "əl-Diplomasi" elektron qəzetinin baş redaktoru Əşrəf Əbu Arafə artıq bir neçə ildir AZƏRTAC ilə əməkdaşlıq etdiklərini vurğulayaraq deyib: "Həm müharibədən əvvəl, həm də müharibə dövründə məlumatları AZƏRTAC-dan alırdıq. Agentliyiniz bu xəbərləri operativ şəkildə dünyaya çatdırırdı".

UNA-nın xarici əlaqələr və strateji inkişaf üzrə direktoru Yunus İnayət AZƏRTAC-ı etibarlı tərəfdaş adlandıraraq bundan sonra da Azərbaycana informasiya dəstəyi göstərəcəklərini qeyd edib. Təşkilatın təkmilləşdirilməsi üçün qarşıda duran hədəflərdən danışan Yunus İnayət bununla əlaqədar AZƏRTAC ilə ətraflı fikir mübadiləsi aparmaq niyyətində olduqlarını deyib.

Mərakeşin MAP informasiya agentliyinin əməkdaşı Xalid əl-Hərrak işğaldan azad edilən ərazilərə səfər zamanı gördüklərindən danışıb, Azərbaycanın bu Qələbəsinin doğurduğu sevinc hisslərini dilə gətirib. O, dost agentliklər arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin önəmli olduğunu vurğulayaraq qeyd edib ki, Dünya Xəbər Agentlikləri Şurasının üzvü olan AZƏRTAC VII Dünya Xəbər Agentlikləri Konqresinin Mərakeşdə keçirilməsinə dəstək verən agentliklərdən biridir.

İƏT-in üzv dövlətləri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov təşkilat üzvlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri barədə məlumat verib.

Görüşdə Ermənistanın Qarabağdakı İslam abidələrinə qarşı barbarlığından danışılıb, həmçinin informasiya sahəsində birgə layihələr, tərəfdaşlıq müqavilələri əsasında əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC