İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanat yayıb
Siyasət

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanat yayıb

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən görülmüş işlər nəticəsində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) "İƏT Baş Katibliyi Xocalı Soyqırımının 30-cu ildönümünü yad edir" ("OIC General Secretariat Commemorates the 30th Anniversary of Khojaly Massacre") başlıqlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın rəsmi internet səhifəsində dərc edilmiş bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər adlandırılması ilə yanaşı, "soyqırımı" ("genocide") kimi qiymətləndirilib.

İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımın 30-cu ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib.

Bəyanatda qeyd edilib ki, Xocalı faciəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və beynəlxalq səviyyədə soyqırımı kimi dəyərləndirən Baş katib 2013-cü ildə Qahirədə keçirilmiş İslam sammitinin 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommünikesinə (117-ci bənd) və 2020-ci ildə İƏT Xarici İşlər Nazirləri Şurasının Niamey şəhərində keçirilmiş 48-ci Sessiyasında qəbul edilmiş 51/47-POL "Xocalı qırğınının qurbanları ilə həmrəylik" qətnaməsinə istinad edib.

AZƏRTAC