İşıqlı gələcəyə aparan ideyalar
Siyasət

İşıqlı gələcəyə aparan ideyalar

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".

Heydər ƏLİYEV,

Ümummilli lider.

XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət - ümummilli lider Heydər Əliyev dövlətçiliyin məhv edilməsi məqamlarını yaşayan, hərc-mərcliyin baş alıb getdiyi, cinayətkar dəstələrin tüğyan etdiyi bir şəraitdə xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etmiş, ölkəmizi çox qısa bir müddətdə sivil dövlətlər sırasına çıxarmışdır.

Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zərurəti yarandı. Lakin 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyat əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını tələb edirdi. Məhz xalqın belə ağır vəziyyətində ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı  müstəqil respublika kimi qurdu, dövlətçiliyimizin demokratik əsaslarını yaratdı. 1995-ci ildə ilk Milli Konstitusiyamız referendum yolu ilə qəbul olundu. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasına çevrildi. Ali Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsini şərtləndirdi. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu.

Ölkədə azad mətbuatın inkişafı istiqamətində bir-birindən əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu öndər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Ölkədə yaradılan demokratik şəraitin nəticəsidir ki, bu gün xeyli sayda KİV qeydiyyatdan keçmiş, müstəqil jurnalist təşkilatları yaradılmışdır.

Atılan bu kimi addımların əsasında təbii ki, ölkəmizin iqtisadi və maliyyə imkanları dayanır. Ulu öndər Heydər Əliyevin ölkədə iqtisadi və siyasi islahatlar aparması Azərbaycanın davamlı inkişafında əsas yer tutdu. Ümummilli liderin "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərdi. Bu sazişdən sonra imzalanan onlarla müqavilə və anlaşma memorandumları da bunu təsdiqləyir. Ulu öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Son 19 ildə cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi beynəlxalq aləmdə təqdir edilir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlət siyasətində prioritet məsələ kimi öndə saxlaması bütün dünya azərbaycanlılarının bir ideya, bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə xidmət edirdi. Ulu öndərin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Qurultayda çıxış edən ümummilli lider demişdir: "Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik". Onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya ətrafında sıx birləşdirdi. Onların Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini vermək üçün səylərini birləşdirmələrinə çağırışlar etdi.

Azərbaycan tolerant ölkədir, ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayırlar. Ümummilli lider Azərbaycan əhalisinin çoxmilli tərkibini sərvətimiz, üstünlüyümüz kimi dəyərləndirirdi.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. Fəaliyyətini daim yeni dövrün tələblərinə uyğun quran YAP dövlətimizin güclənməsinə, xal-qımızın rifahının yüksəlməsinə sanballı töhfələr verir.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilib. 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir.

Azərbaycan dövləti hazırda düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr reallaşdırır. Dövlətimizin başçısı tərəfindən erməni vandalizminin qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi diqqəti və nəzarəti ilə düşməndən təmizlənən bölgələrdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bütün tarixi, mədəni, dini abidələrimiz, eləcə də digər xalqlara məxsus inanc yerləri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycanın zəngin xəzinəsi kimi gələcək nəsillər üçün qorunub mühafizə edilir.

Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, "yaşıl enerji" zonası kimi Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Qarabağa Böyük Qayıdış həyata keçirilir. Doğma torpaqlarından, dədə-baba yurdundan qovulan məcburi köçkünlərimizin bir neçə ailəsi artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. İşğaldan azad olunan ərazilərimizin hər yerində bərpa-quruculuq işləri sürətlə davam edir.

Onu da qeyd edək ki, Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə regionda yeni reallıqlar yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir çağırıslara cavab verən, regional və beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edən, eyni zamanda həmin təşəbbüsləri uğurla reallaşdıran müasir və güclü bir dövlətə çevrilməyi bacardı. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən, dünyanın bir çox ölkələrini birləşdirən nəqliyyat dəhlizi, eyni zamanda əlverişli logistik mərkəz rolunu oynayır. Əldə edilən bütün bu uğurların əsasında isə ulu öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır.

Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan xalqı heç bir zaman unutmur və onu daim qəlbində yaşadır.

Vüqar QULİYEV,

Ədliyyə Nazirliyinin Məhkəmə

Ekspertizası Mərkəzinin əməkdaşı.