İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır
Siyasət

İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır

Ötən il noyabrın 11-də hospitalda müalicə alan yaralı hərbi qulluqçularla görüşündə İlham Əliyevin: “Qarabağda müharibə dayandırıldı. Vətən müharibəsi başa çatdı” xəbərini eşidən milyonlarla insan küçələrə çıxdı. Ölkədə elə bir şəhər, yaxud ən kiçik dağ kəndi yox idi ki, orada Azərbaycan bayraqları dalğalanmasın, evlər Prezident, Ali Baş Komandan, qələbəmizin təminatçısı İlham Əliyevin portretləri və “Qarabağ Azərbaycandır!” plakatları ilə bəzədilməsin. İnsanlar sevinirdi, qanlı müharibənin bitməsinə sevinirdi. Otuz illik işğala son qoyulduğu üçün sevinirdi. Hər kəsin qəlbi minnətdarlıq hissi ilə döyünür, bu qələbə sevincini ona yaşadan ordusuna, Ali Baş Komandana ürək sözlərini çatdırmağa bir fürsət axtarırdı. Prezidentə ünvanlanan yüzlərlə məktub sahibləri eyni düşüncəni paylaşır, eyni xoş sözləri bölüşürdülər: “Vətən torpağının azad edilməsi ilə bizə yaşatdığınız sevinc hisslərinə görə Sizə minnətdarlığımızı bildiririk. Azərbaycan əsgərinin qəhrəmanlığı bütün dünyada dastana çevrildi. Vətən uğrunda döyüşən igidlərimiz bilir ki, onun arxasında güclü Azərbaycan dövləti və Ali Baş Komandan durur…”.

İndi bir şey qalırdı, düşmənin dağıtdığı şəhərləri, kəndləri, qəsəbələri bərpa etmək, Qarabağı əvvəlkindən də gözəl məkana çevirmək…

Bu ilin fevralında ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etdilər. 30 ildən sonra azad edilmiş torpaqlarımıza səfər zamanı dövlətimizin başçısı düşmənin darmadağın etdiyi ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirdi. Artıq torpaqların bərpası prosesi başlanmışdır. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır, həmin ərazilərdə həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşdırılması istiqamətində işlərə hazırlıq görülür. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Buraya yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri aiddir. “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq” – deyən Prezidentimizin tapşırıqları uğurla icra olunur.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə verdiyi önəmin nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə böyük zəfər qazanıb. Bu möhtəşəm qələbənin əbədiləşdirilməsi üçün təbii ki, öz doğma torpaqlarından köçkün düşmüş insanların el-obasına qayıdışı təmin olunmalıdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.

Təbii ki, yaşayış üçün ilk növbədə, infrastruktur layihələrinin icra edilməsi vacibdir. Elə bu baxımdan da təhlükəsiz yerlərdə layihələrin  icrasına artıq başlanılıb. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı görülən işlər artıq ölkə ictimaiyyətinə məlumdur. Eyni zamanda işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması işlərinə də start verilib. Dövlət başçısının göstərişi ilə Füzuli və Zəngilan rayonlarında beynəlxalq aeroportun tikintisinə başlanılıb. Füzuli aeroportunda işlər tamamlanmaq üzrədir. Əlbəttə ki, yeni dəmir yolunun tikintisi də Qarabağın inkişafında mühüm rol oynayacaq. Bütün bu mərhələlər ardıcıl olaraq həyata keçirilir, bərpa və quruculuq işlərinin miqyası daha da genişlənir. Dövlətimizin başçısı da bərpa işlərinin tələsmədən, eyni zamanda, planlı şəkildə, ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edir.

Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və normal həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və  xaricində  zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Türkiyə,  Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya,  ABŞ və s. kimi ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu barədə də öz fikrini bildirib: “Dost ölkələri Azərbaycana  cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq  münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər...”.

Artıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək verən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard”  elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.

Azərbaycan və Macarıstan macar şirkətlərinin Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Macarıstan ərazilərin minadan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib. Böyük Britaniya da bu işlərdə Azərbaycana kömək göstərmək istədiyini bildirib.

Bəli, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. İndi o, doğma sakinlərini gözləyir. Bizim əsl bayramımız bax, onda olacaq, vaxtilə pərən-pərən düşmüş insanlar doğma torpaqlarına qovuşanda... O gün lap yaxındadır.

Zümrüd QURBANQIZI,

“Respublika”.