İşğaldan azad olunmuş ərazilərdə ekosistem bərpa edilir
Ekologiya

İşğaldan azad olunmuş ərazilərdə ekosistem bərpa edilir

Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli lider Heydər Əliyev demişdir: "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir". Ulu öndərin bu sözləri təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir.

Təbiətin ayrılmaz hissələrindən biri meşələr həyatımızın bir hissəsidir. Alimlər meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: "Yaşıl ciyər". Məlum həqiqətdir ki, meşələri - Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi həmin ərazilərdə flora və faunanın bir çox növlərinin məhvinə səbəb olmuşdur.

Qarabağ bölgəsi özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindəndir. Otuz il ərzində Qarabağdakı nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. Torpaqlarımızın işğalından öncə Qarabağın ümumi ərazisinin 36%-ə qədəri meşəliklərdən ibarət idi. Burada 2 mindən çox bitki növünə-meşə gilası, dağdağan, xarıbülbül, palıd, şabalıd, şümşad, armud, şərq fıstığı, vələs, ağcaqayın, ayı fındığı, qoz, şərq çinarı və s. rast gəlinirdi. Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi, Şuşa, Xocavənd, Ağdərə, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Xocalı qəsbkar ermənilər tərəfindən işğal olunduqdan sonra qiymətli ağac növləri Ermənistan ərazisinə daşınmış, zəhərli və çətin söndürülən maddələrdən istifadə edilməklə qəsdən yanğınlar törədilmiş, nadir meşə örtüyü məhv edilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən öz məqsədlərinə nail ola bilmədi. Rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi. İllərdir ekoloji terrora məruz qalan Qarabağ və Şərqi Zəngəzur rayonlarının bitki aləminin bərpasına başlanılmışdır.

İşğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb. Hələ 1988-ci ildən dağıdılmağa başlanılan Topxana meşəsində bu illər ərzində minlərlə ağac kəsilib. Yaşıllığı, səfalı yerləri, gözəl təbiəti ilə seçilən Qarabağı yerlə-yeksan edən erməni barbarları 30 il ərzində orada heç bir dənə də olsun ağac əkməyiblər. İllərlə bu faktları gizlətsələr də, Vətən müharibəsindəki şanlı zəfərdən sonra dünya bir daha erməni barbarlığına şahidlik etdi. Bu gün isə qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllıqların da bərpasını aparır.

2022-ci ildə görülmüş tədbirlər çərçivəsində 797 hektar sahədə meşə əkinləri, 565 hektar sahədə meşə səpinləri işləri aparılmış, 5 hektar sahədə meşə-bağlar, 7 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 7150 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 14830,3 hektar təşkil etmişdir. Meşə fondu sahələrindən 87,5 ton və ya əvvəlki illə müqayisədə 1,9 dəfə çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilmişdir.

Vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də təbiəti qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur. Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Vətənimizin insanı valeh edən möcüzəli təbiəti, bitki örtüyü, zəngin heyvanat aləmi bu yerlərə xüsusi yaraşıq bəxş edir.

Bu gün hər birimiz təbiətdən zövq almalı, təbiətin keşiyində dayanmalıyıq. Ana yurdumuzun təbiəti ulu Tanrının bizə bəxş etdiyi elə gözəl sənət əsəridir ki, bu əsəri korlamaq, ona laqeyd münasibət bəsləmək ən azı insafsızlıqdır. Təbiətin qorunması, mühafizə olunması da ümumxalq işidir. Odur ki, Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı "Qırmızı Kitab"a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Xalq şairi Məmməd Araz şeirlərində Vətənə bağlandığı kimi, onun təbiətini də sevdiyini gizlədə bilmirdi. Təbiət şairi "Mənim bir düşmənim var - o da təbiətə qəsd edənlərdir", - deyirdi.

Müşfiq MİRZƏ,

"Respublika".